Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur

Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Bu gün Azərbaycan jurnalistlərinin peşə bayramı – Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan mətbuatı 149 illik tarixi ərzində bir sıra inkişaf mərhələləri keçmişdir. “Əkinçi” maarifçi ideyalarla çıxış edir, xalqı elmə, biliyə, maarifə çağırırdı. “Əkinçi”nin davamı olan “Ziya”,“Ziyayi-Qafqaziyyə”,“Kəşkül”,“Əkinçi”,“Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və s. mətbuat orqanları da milli maarifçilik missiyasını davam etdirmişlər. Bu dövrdə mətbuat artıq milli şüurun formalaşması,xalqı səfərbər edən ideyaların yayılması və ictimai-siyasi fikrin inkişafı üçün bir vasitəyə çevrilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) də mətbuat azadlığı mövcud olmuş,qısa müddətdə 100-dən artıq qəzet və jurnal nəşr olunmuşdur. Sovet dövründə isə mətbuat ideoloji alət kimi istifadə olunsa da, yenə də istedadlı qələm sahibləri öz yaradıcılıqları ilə ədəbi dilimizin və publisistikanın inkişafına mühüm töhfələr vermişlər. XX əsrin sonunda Azərbaycanda müstəqillik bərpa edildikdən sonra mətbuat sahəsində yeni mərhələ başlandı. 1993-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atıldı. 1998-ci ildə senzuranın ləğvi ilə Azərbaycan mətbuatının üzərindəki son məhdudiyyət də aradan qaldırıldı. Hazırda ölkədə yüzlərlə qəzet, jurnal və informasiya agentlikləri fəaliyyət göstərir.
Elektron media geniş inkişaf edib, onlarla televiziya və radio kanalı yayım həyata keçirir. Son illər rəqəmsallaşma, internet mediası və sosial platformalar media məkanında yeni imkanlar yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuat və jurnalistlərin sosial rifahı daim diqqət mərkəzində olmuş, jurnalistlərə dövlət tərəfindən mənzillər verilmiş, Media Agentliyi yaradılmış və “Media haqqında” yeni qanun qəbul edilmişdir. Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi dövründə də önəmli rol oynamış, xalqımızın haqq səsini dünyaya çatdırmış, informasiya cəbhəsində mübarizə aparmışdır. Jurnalistlər cəbhə bölgələrində peşə borclarını yerinə yetirərək qəhrəmanlıq nümunəsi göstərmişlər.
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyi geniş qeyd olunacaq. Bu münasibətlə xüsusi medal təsis edilmiş, bir sıra tədbirlər və layihələr nəzərdə tutulmuşdur. Bütün bunlar Azərbaycan mətbuatının keçdiyi yolun, qazandığı uğurların və gələcəyə doğru inamla addımlamasının bariz göstəricisidir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı