16 Dekabr 2024

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.

Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir.

Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpası alban, udi xalqlarına məxsus kilsələrin də təmirinə diqqət göstərilməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı