22 Dekabr 2024

Azərbaycan kinosunda ilk: “Atabəylər” serialının çəkilişi başlanır

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub. Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmalülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm”ə həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar.

Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib.

Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb.

Nizami Gəncəvinin “Xəmsə”si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanı, İsa Muğannanın “Gurün’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir.

Ssenaridə Haşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyyətlər və digər məqamlar yer alıb.

Hələlik serialın büdcəsi və çəkiləcək aktyor və aktrisaların kimliyi haqda məlumat verilməyib. Bəs keyfiyyətli bir sənət əsərini ortaya gətirmək mümkün olacaqmı?

Tarixçi alim, professor Nəsiman Yaqublu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Tarixçi qeyd edib ki, bu cür tarixi film çəkərkən müəyyən incə detalları nəzərə almaq lazımdır:

“Tarixi hadisələrin  haqqında filmlərin çəkilməsini alqışlayıram. Ümumiyyətlə, Azərbaycanın 10-12-ci əsrə aid dövrü çox az öyrənilib. Halbuki bu dövr çox yüksək, intibah dövrü olub və ərəb, rus və digər tarixçilər bunu geniş vermək istəməyiblər. Səbəb isə qısqanclıq, Azərbaycan xalqının nə qədər böyük olduğunu göstərməmək olub.

Azərbaycan Cümhuriyyətinin səsi - Nəsiman Yaqublunun araşdırması

Nəsiman Yaqublu: “Bu cür tarixi film çəkərkən müəyyən incə detalları nəzərə almaq lazımdır”

Məlum olduğu kimi, Atabəylər dövründə Nizami Gəncəvi, Xaqani Şirvani kimi böyük şəxsiyyətlərimiz, böyük miniatür rəssamlarımız, mədəniyyət insanlarımız yetişib. Yəni bu dövrdə hər sahədə azərbaycanlılar görünür. Ona görə də bu dövrün   açılması,  araşdırılması mütləq lazımdır.

Amma burada bir məqamı xüsusi qeyd etmək lazımdır, bu dövrdə yaradılan bütün yaradıcılıq nümunələrinin fars dilində olmasına o qədər də önəm vermək lazım deyil. Şəxsən mən Məmməd Əmin Rəsulzadənin Nizami Gəncəvi haqqında olan əsərini araşdıranda gördüm ki, burada Azərbaycan mədəniyyətinin elementləri daha güclüdür və özünün zəngin ənənələri ilə fars mədəniyyəti zənginləşdirib. Əgər Azərbaycan mədəniyyət elementləri və ədəbiyyatı olmasaydı, fars mədəniyyəti və ədəbiyyatı bu qədər güclü olmazdı. Ona görə də filmdə bu faktları qabartmaq lazımdır, bu, çox incə məsələdir. Biz sübut etməliyik ki, İran Azərbaycansız İran deyil.

Düşünürəm ki, əgər filmə farsyönümlü tarixçilər cəlb edəcəksə, filmin o qədər də əhəmiyyəti olmayacaq. Elə tarixçiləri cəlb etmək lazımdır ki, Azərbaycan təşəbbüskeşliyindən çıxış etsin. Bu, çox önəmlidir”.

Serialın ssenarisini kimlər yazacaq? Bu barədə ssenari qrupunda olan millət vəkili Hikmət Babaoğlu danışıb:

“Atabəylər dövrü 1136-1225-ci illəri əhatə edən, dövlətçilik tariximizin çox mühüm dövrüdür. Bu dövr müstəqil və qüdrətli Azərbaycan dövlətinin xüsusi bir mərhələsidir. Həmin dövrdə Azərbaycanın ərazisi Dərbənddən İraqın şimalına qədər bütün etnosiyasi coğrafiyanı əhatə edib. Beləliklə, bu mühüm dövr şübhəsiz ki, yeni çağırışlar kontekstindən milli yaddaşımızın yenilənməsi baxımından olduqca vacibdir.

Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük  inkişaf yolu keçib - AZƏRTAC

Hikmət Babaoğlu: “Filmin ssenarisi üçün AMEA-nın Tarix İnstitutu, tarix mövzusunda roman yazan yazıçılar cəlb olunub”

Hazırkı dövrdə tarixin qeyri-ənənəvi üsullarla mənimsənilməsi və öyrənilməsi çox zəruridir. Yəni film əslində bu mühüm missiyanı həyata keçirir. Ona görə də çox sevinirəm ki, AzTV və Mədəniyyət Nazirliyi üzərinə belə bir missiya götürüb.

Məni də ssenari qrupuna daxil etdiklərinə görə təşəkkür edirəm. Həmin dövrlə bağlı eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, institutun rəhbəri Kərəm Şükürov, tarix mövzusunda roman yazan yazıçılar bura cəlb olunub. Yəni bütün nüansları nəzərə almaq üçün çox yüksək səviyyədə ssenari qrupu formalaşdırılıb.

Bu serial Azərbaycan kino sənayesi sahəsində həm də yenilik olacaq. Uzun illərdir ki, ictimai rəydə bu cür filmlərin çəkilməsi ilə bağlı sifariş, ehtiyac, zərurət var idi. Nəhayət ki, biz artıq bu mərhələyə gəlib çatmışıq”.

Ayaz Salayev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər  ittifaqla birləşsə, mən çıxacam”

Ayaz Salayev: “Yaxşı olardı ki, rejissor bizimkilərdən olsun”

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev yeni şəkiləcək serial haqqında məlumatı olmadığını desə də, öz tövsiyələrini bildirdi:

“Bu serialın çəkilməsini böyük maraqla gözləyirəm. Film ortaya çıxandan sonra öz təəssüratlarını bildirəcəm.

Ümumiyyətlə, son vaxtlar Türkiyə ilə birgə filmlərin çəkilməsi yönündə işlər aparılır. Nəticəsinin nə olacağını indidən demək mümkün deyil, bəlkə də onların peşəkarlıqlarını götürə biləcəyik, amma hesab edirəm ki, rejissor bizimkilərdən olmalıdır”.

Nurəddin Mehdixanlı: “Şuşa Allahın nəzərində olan şəhərdir”

Nurəddin Mehdixanlı: “Türkiyəli qardaşlarımızla müəyyən məsləhətləşmələr aparmaq olar, amma bizim özümüzün kifayət qədər peşəkar, istedadlı rejissorlarımız, aktyorlarımız var”

Xalq artisti Nurəddin Mehdixanlı isə mövzu ilə bağlı Musavat.com-a bildirib:

“Əlbəttə ki, türkiyəli qardaşlarımızla müəyyən məsləhətləşmələr aparmaq olar, amma bizim özümüzün kifayət qədər peşəkar, istedadlı rejissorlarımız, aktyorlarımız var. Biz meydanı onlara verməliyik. Qarabağ savaşında meydanı Azərbaycan gəncinə, əsgərinə etibar etdik və eləcə də hesab edirəm ki, sənətkarlarımıza da imkan yaradılmalı, texniki, maddi dəstək göstərilməlidir. Fikrimcə, bu işlər yüksək səviyyədə olarsa, ortalığa gözəl əsərlər çıxa bilər. Yeni pyeslər yazılmalı, filmlər çəkilməlidir. Bu, gənc və gələcək nəslimizin milli şüurunun formalaşması üçün çox vacibdir.

Bir daha qeyd edirəm, kimlərisə əlavə olaraq dəvət etmək, çəkmək olar və olub da.  Amma təcrübədən görmüşük ki, bu cür layihələr kifayət qədər uğur qazanmayıb. Ona görə də meydanı Azərbaycan sənətçisinə, rejissoruna, aktyoruna vermək lazımdır”.

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov isə tarixi filmlərin çəkilməsi üçün Azərbaycan kinematoqrafçılarının yetərincə potensialı olduğunu deyib. Bu barədə Xalq artisti Yenicag.az saytına açıqlamasında bildirib:

“Azərbaycanlılar o qədər gözəl filmlər çəkib ki… İndi kənardan adamlar gətirib Azərbaycanda tarixi film çəkirlər. Mədəniyyət Nazirliyi də tərəfdaşlıq edir. Nazirin özünə də dəfələrlə demişəm, yazmışam. Çörəyi çörəkçiyə verərlər, amma vermirlər.

Tarixi filmlərin çəkilməsi üçün Azərbaycanda rejissor da, kino da, əsər də var. Sadəcə olaraq, ucuz ətin şorbası olmaz. Həmişə özümüzü kimlərinsə yanında ayağa vermişik. Azərbaycanda kino olanda heç türklər kino nədir bilmirdi. Kino çəkmək üçün peşəkar komanda və maddi-texniki baza olmalıdır. Bunların biri olub, digəri olmayacaqsa, o, kino deyil, şapalaqla üz qızartmaq olacaq. Oradan-buradan adam gətirib, hansısa əcnəbi rejissorlara, prodüserlərə milyonlarla vəsait xərcləyirlər. Amma Şah İsmayıl Xətaiyə həsr olunan filmə pul verən olmadı, çəkilişi dayandırdılar. Anadilli dövlət yaradan tarixi şəxsiyyətlərimiz qala-qala, bunlar kino çəkib mənasız qılınc davası göstərirlər. Əlimdə hazır ssenari var. Şah İsmayıl Xətai türkçülük dövlətinin yeganə şəxsiyyətidir ki, məhz anadilli türk dövləti yaradıb. Tarixi mövzuda film çəkirlərsə, tarixi həqiqətlər təhrif olunmasın. Söhbət türk dünyasının dövlətçilik tarixindən gedirsə, faktlar ortaya qoyulmalıdır. Şah İsmayıl Xətai mütləq öndə olmalıdır. Arxasınca da Ağa Məhəmməd Şah Qacar və Nadir Şah… Bunlar hamısı bizim tariximizdir, qalanlar hamısı nağıl, dastandır”.

Xalidə GƏRAY