16 Sentyabr 2024

Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan daim yaxın və uzaq ölkələrlə əlaqələrini dostluq və əməkdaşlıq üzərində qurmağa çalışıb və buna nail olub. Etibarlı tərəfdaş olması Azərbaycana dünya miqyasında özünə böyük hörmət və rəğbət qazandırıb. Əksər ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıq əlaqələri qurmağa can atması da məhz ölkəmizin beynəlxalq aləm də qazandığı yüksək inam və etibardan qaynaqlanır. Azərbaycanın mühüm tərəfdaşları sırasında İtaliya əsas dövlətlərdən hesab olunur. Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları mövcuddur. Yüksək səviyyəli əməkdaşlıq ölkələrin dost olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sektordakı əməkdaşlıq iki ölkənin əlaqələrinin daha zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı inam, etimad və maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir.

Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və cari il ərzində qeydə alınan qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar, 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin qeyri-neft sektorunda 40-dək layihədə podratçı kimi iştirak edirlər. İqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir.

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, sözügedən sahədə Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir. Xüsusilə də, Azərbaycandan İtaliyayadək uzanan, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi adlanan layihə bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkə Azərbaycandan qaz alır. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı