19 Aprel 2024

Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir

Dahi şəxsiyyət Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsası oldu.  Ümummilli Liderin  fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönümündə mühüm addımlar atıldı. Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Görülən işlərin fonunda bu fikri böyük inamla qeyd edirik ki,  Naxçıvanın xilası və dirçəlişi  ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin qətiyyəti sayəsində atılan addımlar, qəbul olunan qərarlar bu çağırışın təsdiqi oldu ki, dövlət maraqları hər şeydən üstün olmalıdır.

Ümummilli Liderin Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyərkən mühüm addımlardan biri də dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi oldu. Dahi şəxsiyyət hər zaman bu çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi inkişaf etdirməliyik. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilərək, ölkəmizin bu gününə və gələcəyinə töhfələr verməyə çağırışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılması, diaspor  quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Məhz onun təşəbbüsü əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qürurvericidir ki, bu il dünya azərbaycanlıları mədəniyyət paytaxtımız Şuşada bir araya gəlib Zəfər Qurultayını keçirdilər. Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan qalib ölkə kimi dünyada yeri və rolunu möhkəmləndirir.

Təbii ki, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz böyük səylərin nəticəsidir. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dahi şəxsiyyət hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmək üçün mühüm addımlar atdı. Azərbaycan yenidən quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Bir sözlə, Azərbaycanın imzası imzalar arasında göründü. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan çətin günləri arxada qoyaraq inkişaf, tərəqqi yolunda inamla addımladı. Ümummilli Lider “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” söyləyərək müasir müstəqil Azərbaycanın  gələcəyi üçün möhkəm təməl formalaşdırdı.

Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Məhz bu uğurlar tarixi Zəfərimizi şərtləndirdi. Artıq işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb. Tarixi Qələbəmiz Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri