Azərbaycan həqiqətləri dünyaya çatdırılır
Qarabağın incisi, Qafqazın Konservatoriyası kimi mənəviyyatımızın və mədəniyyətimizin paytaxtı olan Şuşa beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad edilən Şuşa bu gün tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. Bu baxımdan Şuşada keçirilən beynəlxalq tədbirlər həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır. Hər bir azərbaycanlı üçün əlçatmaz arzuya çevrilən Şuşa bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib.
Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gəldilər. Sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edib. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında panel sessiya keçirilib.
Ölkə Prezidenti bu tarixi həqiqətləri tədbir iştirakçılarına çatdırdı ki, ermənilərin kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. Bu faktlar da hər kəsə məlumdur ki, 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi.
Müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apardı. Kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamış oldu. Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu.
Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir. “Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq”, – deyə Prezident bildirib. Dövlətimizin başçısı forumda dünya mediasının, informasiya işinə məsul mərkəzlərin Azərbaycanda və regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmalarının vacibliyindən söz açdı və ölkəmizin dezinformasiyalara və yalanlara qarşı gələcəkdə də biganə qalmayacağını vurğuladı. Bu baxımdan düşünürəm ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna dair 2-ci Şuşa Qlobal Media Forumu həm də ümumən üzləşdiyimiz və dünyanın qarşılaşdığı ədalətsizliklərə qarşı birgə mübarizənin əzmini artıran mühüm siyasi hadisədir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı