12 Mart 2025

Azərbaycan əlaqələrini genişləndirmək üçün böyük potensiala malikdir

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirdi ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Həmçinin cənab Prezident İlham Əliyev dövlətin bərpaolunan enerji gündəliyinin təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmadığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı da fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra isə hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Bütün bu atılan addımlar eyni zamanda həm ölkəmizin enerji təminatının daha da gücləndirilməsinə, həm də Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində oynadığı rolun önəminin bir qədər də artmasına xidmət edəcək.

Tədbirin iştirakçıları arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin olması isə, Azərbaycana göstərilən ehtiramın təzahürüdür. Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin bu layihənin icraısına dəstəyi, hökumətin göstərdiyi yardım və dəstək sayəsində çox qısa vaxt ərzində böyük nailiyyətlər əldə olunub. Əlbəttə ki, dünyanın aparıcı şirkətlərinin, o cümlədən bərpaolunan enerji sahəsində dünya liderlərindən olan “Masdar”ın Azərbaycana sərmayə qoyması bir daha onu göstərir ki, ölkəmizdə xarici investisiya qoyuluşu üçün çox cəlbedici imkanlar yaradılıb. Azərbaycanda çox gözəl investisiya mühiti mövcuddur və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini vaxtında və məsuliyyətlə yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması dövlətimizin əsas prioritetlərimizdən biridir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi