23 Dekabr 2024

44 günlük vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq və şanlı səhifələrindəndir.

Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş Ədliyyə Nazirliyinin bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

27 sentyabrda başlamış 44 günlük vətən müharibəsinin ilk ildönümünə yetişdik. Bir il öncə ölkəmizdə hamı ayaqda idi. “Qarabağ Azərbaycandır”-deyə xalqımız tam yekdilliklə torpaqlarımızın erməni faşist-vandal işğalından azad etmək üçün dəmir yumruq olub, əlamətdar tarixi günlərə səfərbər oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin yüz ölçüb, bir biçdiyi qətiyyətli, cəsarətli , ağıllı , uzaqgörən fəaliyyəti sayəsində möhtəşəm qələbəyə doğru tarixi bir yola çıxmış olduq. Elə bir yola ki, axırında müqəddəs yurd yerlərimizə qovuşmaq var idi.

Tarixboyu mənfur düşmənlər məkrli niyyətlərini gerçəkləşdirib, zaman-zaman xalqımıza qarşı torpaq iddiaları qaldırıblar. Hər dəfə də istəyinə çatan xain düşmənimiz yeni torpaqlar xülyasına düşüb. Yeni yaranan AXC dövründə İrəvanın ermənilərə güzəştə gedilməsi mənfur düşmənimizin qanlı terror əməllərini durdurmadı. Bolşeviklərin Rus imperyası hüdudlarında hakimiyyətlərini bərpa etməsindən sonra tarixi torpağımız Zəngəzuru ermənilər havadarlarının dəstəyilə ələ keçirdilər.Növbəti erməni terrorunun hədəfi isə Azərbaycanın dilbər guşəsi  Qarabağa yönəldi. XX əsrin əvvəllərində xəyanətkar qonşumuz Ermənistan milli iradəmizin qətiyyətli müqaviməti ilə üzləşdiyindən istəyinə nail olmasa da SSRİ hökumətinin DQMV yaratmaq qərarının qəbul olunmasına nail ola bildi. Xalqımız beynəlmiləlçilik, başqa xalqlara hörmət sərgilədiyi halda ermənilər faşist təbliğatları ilə ənənələrinə sadiq qalaraq düşmənçiliyin, türkə qarşı nifrət toxumunu cücərtməyə, nifrəti aşılamağa davam etdirmişdilər. 1988-ci ildən isə erməni separatizmi yeni mərhələyə qədəm qoyaraq açıq –açığına Qarabağ müharibəsinin başlanmasına rəvac vermiş oldu. I Qarabağ müharibəsinin gedişində Azərbaycan əsgəri böyük zəfərlərə imza atsa da xəyanət , xarici dövlətlərin proseslərə müdaxiləsi ermənilərin xilasına yaradı. Kənardan aldıqları kömək sayəsində ermənilər torpaqlarımızın işğalını, xalqımıza qarşı soyqrımlar həyata keçirmiş oldular. Münaqişə nəticəsində Qarabağın ermənilər  yaşadığı ərazilərlə yanaşı 7 rayonumuzu da qəsb etmiş oldular. 28 illik işğal dövründə aparılan diplomatik danışıqlar, sülh yolu ilə münaqişənin aradan qaldırılması , beynəlxalq hüququn yaratdığı əsaslar, BMT-nin məlum qətnamələrinin çıxarılmasına baxmayaraq Ermənistan tərəfi sülhün bərqərar olmasına həmişə mane olmuşdur. Son olaraq II Qarabağ müharibəsinin başlamasını Ermənistan özü şərait yaratmış, prezidentimizin dediyi kimi dəmir yumruğumuzu istəmişdir.

”Yeni ərazilər” sərsəm bəyanatları verməklə ermənilər daha da təhlükəli planlarını reallaşdırmağa  təşəbbüs göstərmişdir.2020-ci ilin yayında Tovuzda baş verən hadisələr bunun bariz nümunəsi hesab oluna bilər. Tovuz hadisələrinin baş verməsi xalqımızın səbr kasasının daşmasına səbəb oldu. Xalq – Prezident birliyi sayəsində sentyabrın əvvəllərindən ölkəmiz düşmənə qarşı səfərbər olmağa başladı. Sentyabrın 27 –si ermənilərin cəbhə xəttindəki yeni təxribatı Ali Baş Komandanımızın rəhbərliyi sayəsində Azərbaycan ordusunun hərbi əməliyyatlarının başlanmasını zəruri etdi.

O günləri xatırlamaq olduqca ağırdır. Qəddar düşmən döyüş meydanında ordumuzun həmlələrinə cavab verə bilmir, qorxaqcasına mülki əhalini hədəf seçir, şəhərlərimizə, kəndlərimizə raket, top mərmiləri yağdırırdı. Tərtər, Bərdə, Ağcabədi, Beyləqan , Ağdam rayonlarının əraziləri fasiləsiz olaraq mərmi yağışına tutulurdu. Ancaq, düşmənin insanlıqdan kənar atdığı addımlar xalqımızı qorxutmur, vətən uğrunda əzmkarlığına daha da artırırdı. O günlərdə cəbhədən gələn bayrağımıza bükülmüş şəhidlərimizin torpağa tapşırılması ellikcə təşkil edilirdi. Heç kimi mərmilər qorxutmurdu. Vətən uğrunda hamı ayaqdaydı.

Həmin vaxt Bərdə Qeydiyyat Şöbəsi iş ahəngini tam normal şəraitdə olduğu kimi davam etdirmişdir.Bərdənin raket hücumlarına məruz qalmasına baxmayaraq ədliyyə işçiləri xidməti vəzifələrinin başında olmuşdular.

Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş Ədliyyə Nazirliyinin bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edən ədliyyə işçisi Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur.

Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə R.Xəlilov ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə R.Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilmişdir.

Onu da qeyd edək ki Ruhin Xəlilovla yanaşı Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat baş İdarənin bir könüllüsü də şəhid olub.

Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbində daim yaşayacaqdır.

Bu qələbənin qazanılmasında Ruhin Xəlilovla yanaşı minlərlə şəhidimizin, qazimizin  qanı axıb.Şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyir,tanrıdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram.Vətən uğrunda döyüşmüş , torpaqlarımızı azad eləmiş, 30 illdən bəri alnımıza yapışmış ləkəni silən hər bir əsgərimizi bağrıma basır, onlara bizə qələbə qazandırdıqlarına görə çox sağ ol deyirəm.

Xüsusilə Ali Baş Komandan, Prezidentimizə minnətdarlığımı bildirirəm.Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində xalqımız illərdən bəri həsrətində olduğu yurd yerlərini gördü, Şuşanı yenidən ziyarət edə bildi.

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu