11 İyul 2025

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu qeyd etdi. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü də öz çıxışında xatırlatdı.

Azərbaycan 1992-ci ildən etibarən ECO-nun üzvüdür. 2020-ci ilə qədər Azərbaycan Respublikası bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Lakin son 5 ildə bütün beynəlxalq tədbirlərdə olduğu kimi ECO-nun zirvə görüşlərində də Azərbaycan qalib ölkə kimi təmsil olunur.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurlu ev sahibliyi ilə seçilir. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda keçirilib. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi də tarixi hadisə idi. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malik təşkilatdır. Azərbaycan bütün sahələrdə təşkilat çərçivəsində əməkdaşlığın genişlənməsinin tərəfdarıdır.

Ötən müddətdə Azərbaycan üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən biridir. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə Prezident İlham Əliyevin təklifi ilə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir. Beləliklə, İqtisadi Əməkdaşlıq Təşkilatı parlaq ticarət perspektivləri ilə zəngindir. Yaşının gənc olmasına baxmayaraq, ECO inkişaf etməkdə olan təşkilatdır və Azərbaycan Respublikası da hər il bu təşkilatın inkişaf etməsinə köməklik göstərir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı