27 Dekabr 2024

Azərbaycan – dünya azərbaycanlılarını birləşdirən qalib dövlət

Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.

Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.

Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür. 17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Digər ölkələrdə də, Türk və Azərbaycan diasporları eyni mövqedən çıxış edirlər. Məsələn ABŞ-da Türk və Azərbaycan icması erməni diasporunun yalanlarını birgə ifşa edirlər. Eyni zamanda Azərbaycanda yəhudi icması ilə dinc yanaşı yaşamaq təcrübəsi də, ABŞ-a daşınmışdır. ABŞ-dakı diasporumuz buradakı yəhudi təşkilatları ilə müntəzəm işləyirlər.

Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.

Xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, Azərbaycan Respublikasını beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək; Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan azərbaycanlıları, habelə Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaq.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, – deyə İlham Əliyevin təbrikində bildirib.

II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.”

Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib: “2023-cü ilin aprel ayında biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.

Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Azərbaycan Respublikasının diasporun fəaliyyətini gücləndirmək üçün keçirdiyi tədbirlər:
• “ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu” mövzusunda konfrans;
• Avropa Azərbaycanlıları Konqresinin altı Qurultayı;
• Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı;
• “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda yeddi elmi konfrans;
• Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik iclası;
• Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı;
• Benilüks Azərbaycanlıları Konqresinin üç Qurultayı;
• Dünya Azərbaycanlılarının dörd Qurultayı;
• Dünya Azərbaycanlıları ziyalılarının forumu;
• Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumu;
• Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İclası;
• Dünya Azərbaycanlı Gənclərin Konqresi;
• Dünya Azərbaycanlı Qadınlarının Qurultayı;
• Gürcüstan Azərbaycanlı Gənclərinin Qurultayı;
• İsveç Azərbaycanlıları Konqresinin təsis Qurultayı;
• Kanada Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı;
• Kanada Azərbaycan Təşkilatlar Assambleyasının Qurultayı;
• Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Qurultayı;
• Latın Amerikası Azərbaycanlıları Assosiasiyası (LAAA) təsis konfransı;
• Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı;
• Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) altı forumu;
• Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı;
• Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı;
• Ukrayna Azərbaycan Gənclər Birliyinin üç forumu.

Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı