Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibəsində bildirmişdi ki, bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.
Bildiyiniz kimi, ondan sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi.
Yəqin ki, yadınızdadır ondan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilmişdir. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər.
Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı