05 Fevral 2025

Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb. Prezident İlham Əliyev Qarabağ Universitetində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur.

Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

Prezident İlham Əliyevin çıxışında qeyd etdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.

Bildiyiniz kimi, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir.

Təbii ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.

O ki qaldı, antiterror əməliyyatının keçirilməsinə, burada da cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.

 Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var – ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Yenə də deyirəm, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, ayağa qaldırın, yenə də gedim döyüşüm, belələrinin sayı çox idi. Yüngül yaralanmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq döyüş bölgələrinə gedirdilər.

Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.

Mən bir daha sizi ürəkdən salamlayıram. Mən Azərbaycan tarixi haqqında çox danışa bilərəm. Çünki mən bu tarixi yaşamışam, son 30 ilin tarixini və bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı