Azərbaycan-Belarus münasibətləri çox səmərəli inkişaf edir
May ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi dövlət səfərinə gəlib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibli görüşləri olub, iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək 8 müqavilə imzalanıb.
Mərasim və dövlət başçılarının mətbuata bəyanatları zamanı bir sıra mühüm məqamlara toxunulub. Qeyd edilib ki, müzakirə edilən məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Həmin məsələlər sırasında sənaye kooperasiyası, maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması olmuşdur. Ümumilikdə, iki ölkə arasında iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olunub.Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanatında Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirib. İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayan dövlətimizin başçısı deyib: “İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”.
Prezident İlham Əliyev qeyd edib ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. “Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb. Qeyd edilib ki, iqtisadi sahədə təkcə texnika və MT3-dən əlavə MAZ və yanğınsöndürən texnikasının, lift avadanlığının, xüsusən sovet binalarında dəyişdirilməli olan köhnə liftlərin hissələrinin birgə istehsalının təşkili nəzərdə tutulub. Belorusun dəmir yolu hərəkət texnikasının – həm platformaların, həm də çənlərin birdə istehsalına diqqət yetiriləcəkdir. Belorusun bu sahədə yaxşı təcrübəsi, istehsalçı şirkətləri və zavodları mövcuddur. Gələcəkdə bu texnikanın birgə istehsalının təşkili mümkündür.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukoşenkonu noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət ediyini bəyan edib.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini