28 Avqust 2025

Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı

Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə, Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Çıxışda vurğulandığı kimi, bu, yalnız ikitərəfli əlaqələrin güclənməsi deyil, həm də strateji tərəfdaşlığın yaradılması baxımından tarixi bir hadisədir. Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaşlıq formatında əməkdaşlığın geniş sahələrdə – investisiya, ticarət, süni intellekt, müdafiə, terrorla mübarizə kimi sahələrdə – inkişafı böyük perspektivlər açır.

Prezident İlham Əliyev Ağ Evdə keçirilən görüşün və imzalanan sənədlərin Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması üçün önəmli olduğunu vurğulayır. O, xüsusilə Prezident Donald Trampın sülh prosesindəki rolunu yüksək qiymətləndirərək, onun Nobel Sülh mükafatına layiq olduğunu təklif edir. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin siyasi yolla həlli istiqamətində atılan addımlar və qarşılıqlı razılaşmalar bölgə üçün yeni sülh və əməkdaşlıq dövrünün başlanğıcı kimi qəbul edilir.

Prezident İlham Əliyev həmçinin ABŞ-da Azərbaycan haqqında yayılmış yanlış və qərəzli məlumatlara, eləcə də Bayden administrasiyasının ölkəmizə qarşı münasibətinə toxunur. Onun fikrincə, Tramp administrasiyasının dövründə Azərbaycanla bağlı münasibətlərdə keyfiyyətcə fərqli və daha konstruktiv yanaşma müşahidə olunur.

Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsində də irəliləyişlər var və bu, sülh sazişinin imzalanması üçün vacib şərtdir.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı