Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatları ilə suveren ərazisinə nəzarəti tam təmin etdi
Üç il əvvəl Ermənistanın özünün başladığı müharibədə 44 gün ərzində acınacaqlı məğlubiyyətə uğramasından sonra düşünmək olardı ki, artıq işğalçı ölkənin başı daşdan-daşa dəydi. Düşmən və onun havadarları şahid oldular ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirlər. Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusu canını qurtarmaq üçün beynəlxalq təşkilatlara yalvarıb-yaxarmağa, ağlayıb-sızlamağa başladılar. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla təslim olduqlarını rəsmən təsdiqlədilər. Aradakı atəşkəs pozuntularını, təxribat cəhdlərini də unutmadan, nəhayət, 19 sentyabrda 4 polisimiz, 2 mülki vətəndaşımız mina qurbanı olunca (İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı mina qurbanlarının sayı 300-dən çoxdur), lokal antiterror tədbirlərinə vadar olan Ordumuz 23 saat 43 dəqiqə içində terrorçuları, separatçıları, bir sözlə, Ermənistan silahlı qüvvələrinin tök-töküntülərini diz çökdürdü. Ağ bayraq qaldıran düşmən dirənişin mənasızlığını Dəmir Yumruğun gücünü növbəti dəfə öz başında görüncə anladı. Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatları ilə ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğuna son qoydu və bütün suveren ərazisinə nəzarəti tam təmin etdi.
Qeyd edildiyi kimi, bu tədbirlər nəticəsində əldə edilən mühüm nəticələrdən biri də Ağdam-Xankəndi yolunun tam işə düşməsidir. Artıq Rusiya sülhməramlıların təchizatı da Azərbaycan ərazisi ilə – Ağdam-Xankəndi yolu ilə həyata keçirilir. Bir sözlə, bundan başqa Ağdam-Xankəndi yolu artıq əsas funksional marşruta çevrilir. Çünki bu yoldan keçən yüklər təkcə sülhməramlılar üçün deyil. Buradan keçən yüklər həm də yerli əhali üçün humanitar yardımı əhatə edir.
Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımızdır. Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla bu əməliyyatı sürətləndirdi. Artıq separatçı rejim təslim olduğunu açıq şəkildə bəyan etdi və bu rejimi təmsil edən “rəsmilər”in Azərbaycan Prezident Administrasiyasının təklif etdiyi Yevlax şəhərində planlaşdırılan danışıqlarda iştirakı da təsdiqlədi. Separatçı rejim Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. Ayrı yolları yoxdur.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənlər regionun quruculuğu və bərpası layihələrində iştirak edə bilərlər və Bakı onlara yaşayacaqları yerlərdə və kəndlərdə şərait yaratmağa hazırdır. Lakin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaq üçün Qarabağ bölgəsindəkı ermənilər müharibədən sonrakı hadisələrdə Azərbaycanın göstərdiyi açıq-aşkar xoşməramlı niyyəti nəzərə alaraq ilk növbədə separatçılıq ambisiyalarından əl çəkməlidirlər. Sülhə gedən yol maneələrlə dolu ola bilər, lakin regionun firavan gələcəyi postmünaqişə gündəminə səmimi səylər və əməkdaşlığın nümayiş etdirilməsi yolu ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması çərçivəsində təmin edilməlidir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi