23 Dekabr 2024

Azay Quliyev: “Şuşa haqqında qanunun qəbulu Ermənistana və revanşist xəyallarla yaşayanlara növbəti mesajdır”

Millət vəkili Azay Quliyev parlamentin bugünkü plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. Musavat.com xəbər verir ki, o, çıxışında “Bu gün biz Şuşanı və bütün torpaqlarımızı erməni işğalçılarından və vandallarından təmizləyən Ali Baş Komandanın daha bir tarixi qərarına şahidlik edərək Milli Məclisə təqdim etdiyi  “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini böyük fəxr və qürur hissilə müzakirə edirik”- deyə qeyd edib:

– Qanun layihəsinin hər maddəsinin məzmunu,  fəlsəfəsi və ruhu bizə o qədər yaxın və doğmadır ki,  onun hər biri haqqında ətraflı danışmaq olar. Lakin mən istərdim ki, müzakirə etdiyimiz layihəsi haqqında ümumi şəkildə, daha çox onun siyasi və mənəvi əhəmiyyətindən danışım.

 Cənab Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən və Şəhidlərimizin əziz xatirəsinə həsr olan  möhtəşəm “Xarıbülbül” musiqi festivalını bərpasından sonra belə bir təşəbbüslə çıxış etməsini Vətən müharibəsində qazandığımız möhtəşəm hərbi qələbənin mənəvi, siyasi, hüquqi və  mədəni müstəvidə davamı hesab edirəm.

Bu qanunu qəbul etməklə biz  təkcə Qarabağın deyil, bütün Qafqazın incisi olan Şuşanın bütün mənalarda Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını,  Azərbaycan xalqının qan yaddaşındakı yerini və rolunu qanun formasında, yeni çalarlarla əbədiləşdiririk.

Bu qanun layihəsi cənab Prezidentin Şuşada verdiyi  – “biz Şuşaya əbədi qayıtdıq və burada əbədi yaşayacağıq” mesajının qanunvericilik səviyyəsində təsdiqi, həm də Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin öz torpağına, keçmişinə, mədəniyyətinə və tarixi irsinə sahib çıxmaq və onları qorumaq bacarığının parlaq nümayişidir.

Dövlət Başçısının bu təşəbbüsü Şuşanın timaslında ağıllı şəhər və modern idarəetmə konsepsiyasının, azad edilmiş şəhər və kəndlərin quruculuq və bərpasının, xüsusilə bu ərazilərin inkişaf modelinin dünyaya təqdimatı, dost ölkələrin Qarabağ quruculuğu prosesində yaxından iştirakı üçün həm dəvət, həm də etibarlı bir zəmanətdir.

Bu gün biz belə bir qanun layihəsini qəbul etməklə bir tərəfdən  işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın necə və nə qədər möhtəşəm olacağını göstərmiş oluruq, digər tərəfdən isə münaqişədən zərər çəkmiş bütün ərazilərdə sülh və əminamanlıq şəraitində birgə yaşayışın real perspektivlərini nümayiş etdiririk. 

Eyni zamanda yenicə işğaldan azad edilmiş Şuşa haqında ayrıca qanunun qəbulu  döyüş meydanında acı məğlubiyyətə uğramış və sərhədlərimizdən kənara atılmış Ermənistana və onun revanşist xəyallarla yaşayan siyasətçilərinə göndərilən növbəti bir mesajdır.

Ona görə də düşünürəm ki, Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın statusunu və təhlükəsizliyini möhkəmləndirən və onu əbədi edən bu təşəbbüs dostlarımızı sevindirdiyi kimi, dünya ermənliyini və onların havadarlarını da o qədər məyus edəcək, regionda Azərbaycanın xeyrinə dəyişmiş geosiyasi mühitə də müsbət mənada təsirsiz ötüşməyəcək.

Hörmətli həmkarlar.

Fürsətdən istifadə edib, torpaqlarımızı işğaldan azad edən, bütöv Azərbaycanın banisi kimi tarixə düşən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə çox böyük siyasi uzaqgörənliklə hazırlanan və Milli Məclisə təqdim olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinə görə təşəkkür edir və layihənin qəbul olunması münasibətilə xalqımızı bəri başdan təbrik edirəm.

Əminəm ki, qanun layihəsi Milli Məclisdə yekdilliklə qəbul ediləcək və cənab Prezident tərəfindən imzalandıqdan sonra tezliklə öz tarixi funksiyasını yerinə yetirməyə başlayacaqdır.

Diqqətinizə görə sağ olun.