Azay Quliyev: “Prezident Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı”
Sentyabrın 20-də Prezident İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına, o cümlədən dünya ictimaiyyətinə müraciətlə çıxış etdi.
Bu, müraciət sözün bütün mənalarında tarixi müraciət idi. Ona görə ki, müraciətin konseptual mahiyyəti sülhə, təhlükəsizliyə, birgəyaşayışa, insanlığa və gələcək nəsillərə ünvanlanmışdı.
Ölkəsinin beşdə bir hissəsinin qonşu Ermənistan tərəfindən 30 ildən çox işğala, dağıntıya, xalqının isə ən dəhşətli faciələrə, etnik təmizləmə və soyqırımı cinayətlərinə məruz qalmasına, qərb ölkələri və onların dominantlıq etdiyi beynəlxalq təsisatlar tərəfindən daima haqsızlığa düçar olmasına baxmayaraq, Azərbaycanın dövlət başçısı Cənubi Qafqaz xalqlarının sülh və əmin-amanlıq içində birgə yaşamasından, birgə əməkdaşlıqdan və regionun gələcək inkişafından danışdı.
Cənab Prezident qeyd etdi ki, “bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Bütün bunlara son qoyulmalıdır, yetər artıq! Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Bu fikirləri Prezident İlham Əliyevin Cənubi Qafqaz ölkələri və xalqlarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasına dair strategiyası və konsepsiyası kimi qəbul etmək lazımdır. Əgər xatırlayırsınızsa, hələ, 2022-ci ilin oktyabrında Gürcüstana səfəri zamanı Prezidentimiz regional əməkdaşlığın üçlü Qafqaz formatını, yəni “Qafqaz evi” ideyasını təklif etmişdi.
Əslində, ölkəsinin ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla bərpa etməyi, bir çox dünya güclərinin dağıdıcı müqavimətini və təzyiqini əzmkarlıqla dəf edərək yüz illər boyu davam edən tarixi ədalətsizliyin qarşısını almağı bacaran 21-ci əsrin yeganə Lideri kimi İlham Əliyevin bu çıxışını təbii qarşılamaq lazımdır. Çünki yalnız siyasi iradəsi, gücü və mənəvi haqqı olan böyük Liderlər, strateji düşünməyi bacaran müdrik siyasətçilər, gələcəyi görən dövlət xadimləri bu cür çağırış edə bilər.
Artıq, dünən antiterror tədbirlərinin uğurla başa çatmasından sonra bu ideyanın, yəni “Qafqaz evi” ideyasının gerçəkləşməsi üçün real zəmin yaranıb və ümid edək ki, Ermənistan bu tarixi şansı qaçırmayacaq və Cənubi Qafqazda qalıcı sülh və əmin-amanlıq nəhayət, bərqərar olacaq.
Azay Quliyev, millət vəkili