23 Dekabr 2024

Azay Quliyev: “ATƏT-in Minsk Qrupu ya ləğv edilməli, ya da mandatı dəyişilməldir”

Milli Məclisin üzvü, ATƏT PA vitse-prezidenti Azay Quliyev ATƏT-in Minsk Qrupunun bölgəyə sonuncu səfəri və yaranan yeni situasiyanı şərh edib.
Musavat.com xəbər verir ki, millət vəkilinin fikrincə, bu, qrupun mandatı və görəcəyi işlər sual altında qalmaqda davam edir.
“Nəzərə alsaq ki, ATƏT-in Minks qrupunun həmsədrlik institutunun uzun müddət münaqişənin həlli ilə bağlı üzərində çalışdığı, lakin həyata keçirə bilmədiyi və ya keçirmək istəmədiyi Madrid prinsipləri artıq aktuallığını itirib;
Nəzərə alsaq ki, Azərbaycan torpaqlarını öz gücülə işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib, münaqişənin həllində Minsk qrupunun heç bir rolu olmayıb və 10 noyabr razılaşmasında bu qrup iştirak etməyib və nəhayət, “Dağlıq Qarabağ münaqişəsi ifadəsi” artıq mövcud deyil.
O zaman Minsk Qrupu ya ləğv edilməli, ya da Azərbaycan bu institutla əməkdaşlıq etmək istəsə, onda onun mandatı tamamilə dəyişilməlidir”- deyən Azay Quliyev “dəyişiklik nədən ibarət olmalıdır?”sualına da aydınlıq gətirib:
“Birinci, Minsk Qrupunun həmsədr ölkələri hazırki reallığı dərk edərək Azərbaycanın daxili işlərinə qarışmamalı və Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının təhlükəsiziliyi və hüquqlarının təminatı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi zəmanəti birmənalı dəstəkləməli və bu mövzuya bir daha müdaxilə etməməlidir.
İkincisi, Minsk Qrupunun həmsədrləri öz ölkələrində erməni separatizmini və şovinizmini dəstəkləməkdən və Azərbaycanın ərazi bütövlüyünə zərər vuran addımlardan imtina etməlidir”.
Millət vəkilinin qənaətinə görə, əgər Minsk Qrupunun həmsədr ölkələri, xüsusilə Fransa regionda nüfuzunu və etibarını bərpa etmək istəsə, bunun üçün görülə biləcək kifayət qədər işlər var.
“Birinci, həmsədr ölkələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılan minaların xəritəsini Ermənistandan alıb bizə verə bilərlər. İstəsələr bunu yəqin ki, asanlıqla etmək mümkündür.
İkinci, Ermənistanla Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyünə, suverenliyiniə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət ifadə edən, Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini əks etdirən və Cənubi Qafqazda uzun müddətli qalıcı sülhü və əməkdaşlığı təmin edən ikitərəfli beynəlxalq sazişin imzalanmasına töhvə verə bilərlər.
Üçüncü, Ermənistan tərəfindən dağıdılmış Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə, infrastrukturunun yenidən qurulmasına, məcburi köçkünlərin tezliklə geri qayıtması üçün yerlə yeksan edilmiş bütün şəhər, qəsəbə və kəndlərin inşaasına donorluq edə və bu layihələrin icrası üçün qrant vəsaitləri ayıra bilərlər və ayırmaldırlar. Çünki bu ölkələr Minsk Qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi 1993-cu ilddə bu qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təmin etməyə və işğal edilmiş ərazilərin azad olunmasına nail olmağa borclu idilər. Bunu etmədiklərinə görə uzun müddət işğalda qalan və tarmar edilən Azərbaycan torpaqlarına görə ən azından siyasi və mənəvi məsuliyyət daşıyırlar”.
Azay Quliyevin qənaətinə görə ki, əks təqdirdə dəvət edilməmiş bu qonaqların bizim üçün heç bir faydası və analamı yoxdur və onlarla Azərbaycanın bu mövzuda gələcək əməkdaşlığının siyasi perspektivi isə sıfıra bərabərdir.

Musavat.com