22 Dekabr 2024

Azay Quliyev: “Aralıq dənizi hövzəsində yaşıl keçid üçün parlament fəallığı lazımdır”

ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri Azay Quliyev BMT-nin Ətraf Mühit Proqramının təşkilatçılığı ilə Sloveniyanın Portoroj şəhərində keçirilən Barselona Konvensiyası və Müqaviləsi İştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında çıxış edib.

Musavat.com bu barədə ATƏT PA-nın saytına istinadən xəbər verir.

“Parlamentarilərin yaşıl keçidin təşviqində və Aralıq dənizi boyunca ekoloji problemlərin həllində mühüm rolu var” – deyə, ATƏT Parlament Assambleyasının üzvü Azay Quliyev bildirib.

Barselona Konvensiyasının Razılığa Gələn Tərəflərin 23-cü Toplantısında (COP 23) çıxış edən Quliyev qeyd edib ki, deputatlar qanunvericilikləri formalaşdırmaqla yanaşı, həm də hökumətlərin resurslar ayırmasında, Barselona Konvensiyasında və onun 7 Protokolunda nəzərdə tutulan öhdəliklərə görə məsuliyyət daşıyırlar.

“Hökumətlər, parlamentlər və vətəndaş cəmiyyəti institutları Aralıq dənizi hövzəsinin ətraf mühitinin qorunması üçün yaşıl inkişafı təşviq etmək üçün güclərini birləşdirməlidir” – deyə o qeyd edib.

A.Quliyev Parlament Assambleyasının iqtisadi və ekoloji aspektdə gördüyü işləri xüsusi qeyd edərək, Aralıq dənizi hövzəsinin PA-nın səylərinin əsas istiqamətini təşkil etdiyini söyləyib. O, ATƏT PA-nın güclü parlament perspektivini təmin etməklə Davamlı İnkişaf üzrə Aralıq dənizi Komissiyasına rəsmi töhfə verdiyini diqqətə çatdırıb və aktual çağırışlar üzrə beynəlxalq əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, vətəndaşların narahatlıqlarının dinlənilməsini və qərarların qəbulunun ən yüksək səviyyələrində həllini təmin etmək üçün vacibdir.

Quliyev həmçinin iqlim dəyişikliyinin Aralıq dənizi hövzəsi boyunca ətraf mühitin deqradasiyasına və əhalinin sağlamlığına təsirini vurğulayaraq, istixana (dəm) qazları emissiyalarını kəskin şəkildə məhdudlaşdırmağa çağırıb. O, Paris Sazişinin öhdəliklərini yerinə yetirmək üçün səylərin ikiqat artırılmasının vacibliyini vurğulayıb, Barselona Konvensiyasının düzgün istiqamətdə atılmış mühüm addım olduğunu deyib.

Qeyd edək ki, bu tədbir 5-8 dekabrda Dubayda BMT-nin İqlim Dəyişikliyi Konvensiyası ilə eyni vaxtda keçirilir.

Sessiya çərçivəsində ölkələrin biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi, dənizlərin çirklənməsinin qarşısının alınması üzrə tətbiq edilən təcrübə və bu sahədə qanunvericilik bazası müzakirə olunur.

Tədbirin sonunda Nazirlərin Portoroj Bəyənnaməsi qəbul edilib.