Azad olunmuş ərazilərin bərpası ilə ölkəmiz daha da güclənəcək

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərzilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibədəki tarixi Qələbəmizdən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. Birliyimiz, həmrəyliyimiz Böyük Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində atılan addımlarda da öz sözünü deyir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində oldu, Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər. Sakinlər onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, öz dogma yurd-yuvalarına qovuşduqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildirdilər. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş torpaqlarımızda görülən bərpa-quruculuq işləri tezliklə bütün soydaşlarımızın öz dogma yurd-yuvalarına qovuşacaqlarına inamı artırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə bütün yeniliklər öz əksini tapıb, insanların rahat yaşayışı təmin edilir.
Artıq işğaldan azad edilmiş ərazilərimiz dağıntı mərhələsini bərpa-quruculuq dövrü ilə əvəzləyir. Bütün bölgələrdə əsas diqqət infrastruktur layihələrinin icrasına yönəldilib. Yeni avtomobil, dəmir yolu çəkilir, hava limanları tikilir və istifadəyə verilir. Bu ərazilərdə nəzərdə tutulan 3-cü hava limanı Laçındadır və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Göründüyü kimi, günümüzün əsas hədəfi bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını reallaşdırmaqdır. Bundan sonra başlanacaq yeni həyat o torpaqları daha da canlandıracaq, ölkəmizin turizm imkanları genişlənəcək, Qarabağ və Şərqi Zəngəzur nəinki ölkəmizin, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri