20 Aprel 2024

Azad olunan ərazilərimizdə bayrağımızın dalğalanması hər birimizi qürurlandırır


“Ali Baş Komandan İlham Əliyevin erməni işğalından azad olunan rayonlarımızda Azərbaycan bayrağını ucaltması hər birimizi qürurlandırır. Ötən gün ölkə başçısı Laçın şəhərinin mərkəzində bayrağımızı ucaltmaqla bir daha bizə bu sevinci hissini yaşatdı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Laçın şəhərindən bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistanın cinayətləri və hərbi təxribatları ilə bağlı mesaj verdi: “Prezident deyib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi: “Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər”. Əlbəttə ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışa bilməzdi. 30 ilə yaxın Azərbaycan dövləti məsələnin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistan hər zaman sülhdən boyun qaçırırdı. Sonda da bunun acı nəticəsini görüdü. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ermənistan ordusunu darmadağın etdi. Artıq bu gün Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd, Kəlbəcər və Laçında üçrəngli Azərbaycan bayrağı dalğalanır”.

A.Əsgərli bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunan rayonlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır: “Azərbaycan bütün bunları öz hesabına edir. Bu işlər içərisində yol infrastrukturunun inkişafı mühüm əhəmiyyət kəsb edir. Prezident bu məsələni daimi diqqətdə saxlayır. Elə Laçına səfər edəndə də dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biridir. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Ümumi olaraq bu yolun üzərində 12 tunel tikiləcək. Eyni zamanda, Laçın rayonunun digər qonşu rayonlara gedən istiqamətlərində də yollar çəkiləcək.

Təəssüf ki, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi Laçın şəhəri də erməni vandalizminə məruz qalıb. Həmçinin Suriya və Livandan erməni əsilli insanlar gətirilib Laçında qanunsuz məskunlaşıblar. Artıq Müzəffər Azərbaycan Ordusu Laçını, eləcə də Zabux və Sus kəndlərini də erməni işğalından azad edib. Avqustun 26-ı hər birimizin yaddaşında Laçının erməni işğalından azad olunduğu gün kimi qalacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən Laçın rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri planlaşdırılır. Ölkə başçısının qeyd etdiyi kimi, indi vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Bu istiqamətdə hazırlıq işləri görülür”.