Azad edilmiş Laçından dünyaya verilən mesajlar

Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış Azərbaycanın dövlətçilik tarixində və regiondakı yeni reallıqlar fonunda önəmli əhəmiyyət daşıyır. Laçının azad olunmasından sonra ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan liderləri bu qədim torpaqda bir araya gəldi. Bu görüş təkcə üç qardaş ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinin deyil, həm də azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa proseslərinin beynəlxalq dəstək qazandığının açıq göstəricisidir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın keçdiyi tarixi yol asan olmayıb. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik iradəsinin təzahürü idi. Lakin bu müstəqillik cəmi iki il sonra itirildi. 1920-ci ildə Qərbi Zəngəzur bölgəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. Bu ədalətsizliklər sonrakı onilliklərdə də davam etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yüz minlərlə azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Xocalı soyqırımı isə bu siyasətin ən qanlı səhifəsi oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti bu haqsızlıqlarla heç vaxt barışmayıb. Ölkə rəhbərliyi illər boyu həm beynəlxalq təşkilatlar çərçivəsində haqq səsini dünyaya çatdırıb, həm də iqtisadi, hərbi və diplomatik sahələrdə güclənərək işğala son qoymaq üçün sistemli şəkildə hazırlaşıb. Güclü iqtisadiyyatın və xalqın iradəsinə söykənən siyasi iradənin nəticəsi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı. Şuşanın azad olunması bu zəfərin simvoluna çevrildi. Ardınca Laçın, Kəlbəcər və Ağdam bir güllə belə atılmadan işğaldan azad edildi. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olundu və separatizmə son qoyuldu. Azərbaycan Laçında beynəlxalq liderləri qəbul etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğulayır.
Dünya dövlətləri və onların liderləri Türkiyə Azərbaycan və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında cənab Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olması, eyni ilə Pakistanla Hindistanla hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan bu görüş vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir.
Qeyd edək ki, Ermənistanla normallaşma prosesi fonunda Azərbaycan müttəfiq ölkələrlə birgə mövqeləri koordinasiya etməklə öz manevr imkanlarını artırmağa çalışır. Görüş Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verir. ABŞ–Çin rəqabəti, Rusiya–Qərb qarşıdurması və digər ölkələrin regional fəallığı fonunda Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir. Bu əməkdaşlıq həm də Ermənistanın təktərəfli diplomatik narrativinə qarşı bir balans yaradır.
Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək. Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı