22 Dekabr 2024

Azərbaycanın Arutyunyanla bağlı planları: “Növbəti yanlış addım ona baha başa gələ bilər”

Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq

“Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan etiraf edib ki, rusiyalı hərbçilərlə görüşündə Azərbaycan rəsmisi də iştirak edib. Xəbər doğrudursa, bu, uzun illərdən sonra separatçıların təmsilçisi ilə ilk təmasımız sayıla bilər”.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq Azərbaycanın Araik Arutyunyanla bağlı planlarını belə izah edib:

“Əlbəttə, Araik Arutyunyan cinayətkardır və müharibə dövründəki cinayətlərinə görə cavab verməlidir, ona qarşı cinayət işi qüvvədədədir. Ancaq reallıq bundan ibarətdir ki, o, Xankəndidə idarəetməni həyata keçirir, Rusiya hərbçiləri ilə daima təmasdadır. Məsələnin ikinci tərəfi odur ki, illərdir deyirdik, Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarsın, biz özümüz erməni vətəndaşlarımızla dil taparıq. Arutyunyan hələ də İrəvandakı müzakirələrə qatılır. Ancaq elə etməliyik ki, o, zaman-zaman Azərbaycan hakimiyyətinin emisarlarını da dinləsin və bilsin ki, növbəti yanlış addım ona və ətrafındakılara baha başa gələ bilər”.