23 Dekabr 2024

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilərmi?

Elxan Şahinoğlu: “Azərbaycan hələ Xankəndinə nəzarəti ələ keçirməyib, belə şəraitdə rəsmi Bakının KKTC-nin müstəqilliyini tanıması risklidir”

Ötən ay Şimali Kipr Türk Respublikasında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Şimali Kiprin prezidenti Ersin Tatar Azərbaycanın Qarabağ zəfəri ilə bağlı bu ölkəyə səfər edəcək.
Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bu haqda anons edən Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib.

Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək bildirmişdi ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıbsa, Kipr türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq.
Xatırladaq ki, Ersin Tatar 23 oktyabrın 2020-ci il tarixində keçirilən seçkilərdə Şimali Kipr Türk Respublikasının beşinci prezidenti seçilib.

Şimali Kipr Cümhuriyyətinin rəsmi şəxsləri və Bakıdakı nümayəndəliyin rəhbərliyi daim Azərbaycanla əlaqələrə üstünlük verdiklərini bəyan ediblər. Azərbaycan isə Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar bu məsələdə ehtiyatlı davranıb, həm qardaş Türkiyə, həm də kiprli qardaşlarımız bu mövqeni anlayışla qarşılayıblar. Təəssüf doğuran budur ki, yunan Kiprini ağuşuna alan Avropa Şimali Kiprə qarşı ayrı-seçkilik nümayiş etdirməkdədir.

Üstəlik, Qarabağ müharibəsi günlərində yunan Kipri və Yunanıstandan işğalçı Ermənistana dəstək mövqeləri də müşahidə edildi, hətta döyüşmək üçün muzdluların gətirildiyi haqda xəbərlər yayıldı. Azərbaycandakı yunan səfirə ən yüksək səviyyədə sərt fikirlərin deyilməsi da yaxın tarixin hadisəsidir. Azərbaycan Prezidenti bəyan etdi ki, “’Dağlıq Qarabağ münaqişəsi’” artıq tarixə qovuşdu və bu məsələ 44 günlük savaşda həllini tapdı. Əgər belədirsə, ölkəmiz Şimali Kipr Türk Respublikasını dövlət kimi tanıya bilərmi?

Bu vaxta qədər bu addımı ona görə atmırdıq ki, Yunanıstan da cavab olaraq Dağlıq Qarabağdakı oyuncaq rejimi tanıyardı. Artıq gerçəkliklər dəyişdimi, yoxsa, belə bir risk qalırmı? Tanımasa belə, Azərbaycanın KKTC ilə münasibətlərində irəliyə doğru hansı fərqli addımlar atıla bilər?

 

 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyan tək ölkə Türkiyədir: “Baxmayaraq, ki, KKTC-nin digər dövlətlər tərəfindən də tanınmağa tam haqqı var. Çünki, 1970-ci illərin əvvələrində yunanların qətliamlarına məhz türklər məruz qalıblar. Türkiyə də adadakı türklərin taleyinə biganə qalmayaraq və adanın qarantör statusundan istifadə edərək adada silahlı qüvvələrini yerləşdirib. Buna baxmayaraq, dünyada rəsmi səviyyədə ancaq Kipr Yunan Respublikası tanınıb. Halbuki, Kipr Yunan Respublikası adadakı türkləri təmsil etmir. Türkiyə adadakı türklərə siyasi, iqtisadi və diplomatik dəstəyini əsirgəmir”.

E.Şahinoğlu qeyd etdi ki, əgər Azərbaycanın Dağlıq Qarabağ problemi olmasaydı, şübhəsiz ki, Türkiyədən sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıyan ikinci ölkə Azərbaycan olacaqdı: “Ancaq Dağlıq Qarabağdakı separatizm və torpaqlarımızın uzun illər işğal altında qalması rəsmi Bakının KKTC-ni tanımasına əngəl oldu. Buna baxmayaraq, Azərbaycanla KKTC arasında müəyyən əlaqələr qurulub. KKTC-nin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanla KKTC arasında təyyarə xəttinin açılması və iqtisadi əlaqələrin qurulması istiqamətində də planlar var idi”. Ancaq politoloq bildirdi ki, bu planlar açıqlandıqdan sonra Afinadan bir heyət Bakıya gəldi və rəsmi Bakının KKTC ilə bağlı planları təxirə salındı: “Görünür, Afinadan Bakıya gələn heyət Azərbaycanla KKTC arasında artan əlaqələrin Yunanıstanın Dağlıq Qarabağ separatçılarına baxışının dəyişəcəyini bildiriblər. Halbuki Dağlıq Qarabağla KKTC arasında paralellər aparmaq kökündən yanlışdır. Hər halda rəsmi Bakı Afinaya o zaman bəhanə vermədi.

Azərbaycan 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etsə də, bölgədə erməni separatçılığı hələ varlığını qoruyur. Azərbaycan hələ Xankəndinə nəzarəti ələ keçirməyib. Buna görə də belə şəraitdə rəsmi Bakının KKTC-nin müstəqilliyini tanıması bir qədər risklidir. Əgər Dağlıq Qarabağda separatizminin tam kökünü kəssəydik, KKTC-ni tanımaq bizə problem olmazdı. Ancaq indiki şəraitdə Azərbaycanın KKTC-nin müstəqilliyini tanıması Yunanıstanın Dağlıq Qarabağ separatçılarının “tanınmasıyla” nəticələnə bilər. Əgər buna hazırıqsa, KKTC-ni tanıya bilərik. Ona qalsa, Fransa parlamenti də Dağlıq Qarabağın “müstəqilliyini” tanıyıb və bunun bizə elə bir təsiri yoxdur. KKTC-nin müstəqilliyini indiki şərtlə daxilində tanımasaq belə, fikrimcə, bu ölkə ilə iqtisadi və siyasi əlaqələrini genişlədirə, o cümlədən ticarət imkanlarını nəzərdən keçirə bilərik, təyyarə reyslərinin açılmasıyla birbaşa gediş-gəlişin təmin olunması da mümkündür”.

Cabir Turan,
Musavat.com