03 Noyabr 2024

Azərbaycan Prezidenti: “Bu il böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq”

Bizim üçün bu il xüsusi əhəmiyyət daşıyır, böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq. Uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Şəhidlər oldu, yaralılar oldu, müharibələrdə bu, qaçılmazdır. Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bu bölgələri bərpa edəcəyik. Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb. Müharibədən sonra, işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi silmək istədilər, şəhərlərimizi yerlə bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o torpaqlara qayıtmasınlar. Amma səhv etdilər, yanıldılar, biz artıq qayıtmışıq, qayıdacağıq və Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir”.