23 Dekabr 2024

Azərbaycan Ordusu üçün mini-Türkiyə modeli: ermənilərin kitabı bağlanır!..

“Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam edəcək. Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Biz Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq fikrindəyik. Türk Ordusunun müasir modeli bizim üçün ən məqbul modeldir”.

Bu sözləri prezident İlham Əliyev dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib. Onu da deyib ki, artıq bu yöndə işlər başlayıb.

Dostlarımızı yüzdə yüz sevindirəcək, düşmənlərimizi isə bir az da bədbin edib ruhdan salacaq gözəl xəbərdir.

Azərbaycan Ordusu üçün mini-Türkiyə modeli. Niyə də olmasın? Hətta bir az gecikmişik də. Məgər burdan-bura görmürükmü ki, kapitulyasiya və iflas edən cırtdan Ermənistanda hazırkı ağır durumda belə, yenə necə hoqqalardan çıxır, özünü məğlub ölkə kimi aparmaq, müharibənin nəticələrini qeyd-şərtsiz qəbul eləmək əvəzinə, oradakı siyasi qüvvələr hansı revanşist və avantürist planlar cızırlar?

Görürük. Onu da görürük ki, müharibə hərb meydanında bitib, informasiya, diplomatiya meydanlarında isə davam edir. Hərbi zəfərimizi maddiləşdirmək isə xeyli dərəcədə məhz bizim diplomatik-siyasi çevikliyimizdən asılı olacaq.

Virtual müharibə təzəcə başlayıb. Ancaq “çomağı” da yerə qoymaq olmaz. “Dəmir yumruğu” daim işlək vəziyyətdə, Ermənistanın başı üzərində “Domokl qılıncı” kimi saxlamağa davam etməliyik! Türkiyə, NATO tipində bir mini-ordu, döyüşən ordu buna görə lazımdır. Erməni növbəti avantüraya qoy qoymaq istəyəndə bilsin ki, onu nə(lər) gözləyir, üstümüzə gəlməzdən öncə 3 dəfə fikirləşsin!..

Ən əsası: Qarabağ konfliktinin tarixi göstərdi ki, haqlı olmaq, beynəlxalq hüququn bizim yanınmızda olması əsla yetərli deyil, gərək həm də güclü olaq – hərbi baxımdan. Bu, dövlət, millət olaraq 30 ildə götürdüyümüz ən böyük dərsdir! Güclənmək, güclənmək və yenə də güclənmək! Güclü, peşəkar ordu üçün isə əlbəttə ki, ilk növbədə neft-qazdan aşlı olmayan davamlı və güclü iqtisadi təməl, güclü iqtisadiyyat üçün isə iqtisadi-biznes azadlıqlarının tam həcmdə bərqərar edilməsi, xarici sərmayələrin cəlbi üçün münbit zəmin hazırlanması və s. gərəkdir.

Olduqca ədalətsiz dünyada yaşayırıq. Bunu kim bilməsə də, artıq başı daşdan-daşa dəyən, hələ də Qarabağla bağlı təhdidlər alan Azərbaycan yaxşı bilir.

Əgər “ədalət mücəssəməsi” Qərb də on illər boyu erməni işğalçılarının havasına oynadısa və yenə oynamağa cəhd edirsə, haqsızlığı, etnik təmizləməni, Xocalı soyqırımını burdan-bura göməzlikdən gəldisə və gəlirsə, demək, arxayınlaşmağa əsla gərək yox! Yalnız özümüzə, qardaş Türkiyəyə və bir də Pakistan, İsrail kimi bizə dost, sadiq və sınanmış ölkələrə güvənməli, barıtımızı həmişə quru saxlamalıyıq! Cəmiyyət və dövlət olaraq, sərvaxtlığımızı heç vaxt itirməməliyik! Şair demişkən, “Tüfəngini təmiz saxla, atını da tumarla!..”

Bundan da önəmlisi, 44 gündə yaranan milli birliyimizi göz bəbəyi kimi qorumalı, bir daha əldən verməməliyik! Zira, son 30 ildə başımıza nə gəldisə, daxili (siyasi) çəkişmələr səbəbindən gəldi. Nəticədə Qarabağ məsələsi, erməni məkri və işğalı bizdən ötrü ikinci plana keçdi.

Bunlar olacaqsa, yəni sadalanan şərtlərə strateji hədəfimiz naminə əməl edəcəyiksə, toplum olaraq, bunları daim göz önündə saxlayacağıqsa, o zaman bizə zaval olmayacaq, ola bilməz! Bax onda əminliklə deyə biləcəyik ki, ermənilərin kitabı birdəfəlik bağlanıb!..

Zahid SƏFƏROĞLU