18 Aprel 2024

Aytən Məmmədli:Ölkəmiz türk birliyinin möhkəmlənməsinə maraqlıdır və öz töhfəsini verir

Türk dövlətlərinin birliyi, qarşılıqlı sıx əməkdaşlığı artıq ənənə halını alıb. Bu proseslərdə Azərbaycan dövlətinin xüsusi təşəbbüskarlığı və rolu vardır. Türk dövlətlərinin rəhbərləri açıq şəkildə bildirirlər ki, mehriban münasibətlər, qardaşlıq əlaqələrinin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və rolu danılmazdır. Hazırkı dünya dönəmində baş verən hadisələr göstərir ki, Türk dövlətlərinin birliyi nəinki faydalıdır, həmçinin labüddür. 

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə türk dünyası və ümumdünya siyasi prosesləri ilə əlaqədar önəmli mesajlar, bölgə üçün əhəmiyyətli qərarlar diqqət çəkirdi.

Türk respublikaları arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmlənməsi nəinki həmin dövlətlərin, eləcə də digər xalqların və dövlətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki bu birlik, əməkdaşlıq başqa dövlətlərə qarşı hansısa blok yaratmaq məqsədi daşımır. İqtisadi, mədəni, ticarət sahələrinin inkişafına, sülhün əmin-amanlığın təmin olunmasına xidmət edir. Azərbaycan üçünsə Türk dövlətlərinin birliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bu səbəbdən ölkəmiz türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmizin iştirakçısı, bir çox hallarda isə həm də təşəbbüskarı olduğu beynəlxalq layihələr Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycanın sahib olduğu tranzit potensialı və ondan istifadənin uğurla həyata keçirilməsi sahəsində yürüdülən siyasət qeyri-neft sektorunun da inkişafına ciddi təkan verir. Buna səbəb Azərbaycanın Şimal-Cənub, və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, əlverişli coğrafi mövqe və həyata keçirilən nəqliyyat infrastrukturu layihələri və proqramlarıdır. Həmçinin Zəngəzur dəhlizinin reallaşması quru yolu üzrə tranzit yüklərin daşınması, habelə komunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu marşrut həmçinin nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın 2020-ci ilin noyabr ayında tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaratdığı yeni reallıqların bir hissəsidir. Ermənistan imzaladığı 10 noyabr tarixli Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə, o cümlədən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını quru yolla birləşdirəcək Zəngəzur dəhlizini açmağa məcburdur. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Eyni zamanda da bu tarixi hadisə Türk dünyasının daha sıx birləşməsinə və güclənməsinə böyük töhfə olacaq. 

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi