22 Dekabr 2024

AY Partiya və Ankara Kent Konseyinin başqanları bir araya gəldi

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bu gün Ankara Kent Konseyinin (Ankara Şəhər Şurası) Başqanı Halil İbrahim Yılmaz ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, İnternet Media və İnformatika Federasiyasının Başqanı Süleyman Basa, Konseyin üzvü Leyla Kaya iştirak ediblər.

Başqan Halil İbrahim Yılmaz qonaqlara rəhbərlik etdiyi qurum barədə məlumat verib, Konseyin həyata keçirdiyi layihələrdən, fəaliyyət istiqamətlərindən danışıb.

O bildirib ki, din, dil, irq, etnik mənsubiyyət, həyat tərzi, dünya görüşündən asılı olmayaraq, eyni şəhərin küçələrində addımlayan hər kəsin paytaxtın idarəçiliyində bərabər şəkildə iştirakının təmin olunduğu Ankara Kent Konseyi xalqın hər zümrəsinin təmsilçiliyinə önəm verir.

AY Partiya Başqanı Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb, bu münasibətlərin zirvəyə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə Azərbaycana dəstəyini əsirgəməyib. Bu əməkdaşlığın əhatəsinin genişləndirilməsi hər iki ölkənin daha da güclənməsinə gətirib çıxarar.

Anar Əsədli qeyd edib ki, iki ölkə arasında bütün sahələr üzrə təcrübə mübadiləsinin aparılması zəruridir. Bu baxımdan Ankara Kent Konseyinin təcrübəsinin öyrənilməsi də maraqlıdır, çünki Azərbaycanın paytaxtı Bakı şəhərinin də belə quruma ehtiyacı var. Bakıdakı bir çox ictimai, siyasi, iqtisadi, ticari qurumların bir araya gəlib müzakirələr aparması faydalı olar.

AY Partiya Başqanı Konsey Başqanına Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Konsey Başqanı da Anar Əsədliyə hədiyyə verib.

Qeyd edək ki, Türkiyədəki Kent Konseyləri bütün siyasi partiyaların, QHT, müxtəlif peşə sahiblərinin yaratdığı birliklər, sənaye müəssisələri, elm-təhsil mərkəzlərinin təmsilçilərindən ibarət bir qurumdur. Ölkənin müxtəlif şəhərlərində belə Şuralar fəaliyyət göstərir. Ankara Kent Konseyi üzv və könüllülərin yardımı ilə müxtəlif sosial layihələr həyata keçirir.