23 Dekabr 2024

AXCP-nin “boykot” tamaşası nəticəsiz qalacaq

Hər bir siyasi partiya istənilən gözlənilməz siyasi situasiyaya hazır olmalıdır. Digər tərəfdən özünə güvənən, sosial bazasına arxalanan istənilən siyasi partiya üçün seçkilərin nə zaman və hansı şəraitdə keçiriləcəyi problem olmamalıdr. Nümunə olaraq xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının sərgilədiyi seçki taktikasını göstərmək olar.

YAP seçkilərin keçirilməsi barədə qərar elan olduqdan dərhal sonra toplandı və nəyi necə, hansı formada həyata keçirməyi müəyyənləşdirdi. Dekabrın 15-də isə YAP İdarə Heyəti keçirdiyi toplantıda bütün xalqın arzu etdiyi, birmənalı şəkildə daxili və xarici siyasətini dəstəklədiyi, qalib Sərkərdə, müdrik Lider İlham Əliyevin namizədliyini irəli sürdü.

Seçki siyasətini həyata keçirən dövlət qurumları da üzərlərinə düşən vəzifələrini qanunlar və qaydalar çərçivəsində həyata keçirirlər. Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilən qərara əsasən, istənilən seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları Azərbaycanda prezidentliyə namizədliyini irəli sürə bilərlər. AXCP-nin 16 dekabr tarixli bəyənatı bir daha onların iç üzünü göstərdi. Bu adamların seçkilərlə bağlı boykot çağırışı son nəticədə özlərinin iflasına gətirib çıxaracaq. Məğlub olacaqlarını bildiklərindən bu addımı atmağa məcbur olublar. Bilirlər ki, heç kim onların ardınca gəlməyəcək, heç kim onları müdafiə etməyəcək. Son vaxtlar baş verən hadisələr bunu tam aydın göstərir.

Bir sözlə, fakt ondan ibarətdir ki, dağıdıcı müxalif partiya sədrləri sıravi üzvlərin iradəsini nəzərə almadan özbaşına qərarlar qəbul edirlər. Çox vaxtı bu kimi özbaşına verilən qərarlar partiyalarda qalmaqallara, istefalara gətirib çıxarır. Müsavatda, AXCP-də baş verən istefalar, qopmalar qeyd olunanlara misal ola bilər. Müxalifət qüvvələrinin məqsədi ancaq ara qarışdırmaq və təxribat törətməkdir. Onların əsas məqsədi odur ki, Azərbaycan haqqında ancaq mənfi imic yaradılsın. Buna isə nail ola bilməyəcəklər.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini