23 Dekabr 2024

Avtomobil idxalı: Hibrid azalıb, elektromobil isə artıb

Ötən il Azərbaycana avtomobil idxalı azalsa da bu ilin yanvar ayında yenidən artmağa başlayıb.  Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə 1 milyard  57 milyon 792 min ABŞ dolları dəyərində 74 min 577 ədəd nəqliyyat vasitələri idxal edilmişdi ki, bu da əvvəlki illə müqayisədə 18,2 faizi az idi. Cari ilin yanvar ayında isə ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni ayına nisbətən 21 faiz artıb. Avtomobil idxalına 102 milyon 620 min 56 dollar həcmində vəsait yönəldilib ki, bu da 2022-ci ilin yanvar ayının müvafiq göstəricisi ilə müqayisədə 50,4 faiz çoxdur.

Yanvarda ölkəyə gətirilmiş avtomobillərin 93,85 faizini və ya 6 458 ədədini minik avtomobilləri təşkil edib. Bu say ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 23,45 faiz və ya 1 227 ədəd çoxdur. Ancaq artan təkcə minik avtomobillərinin sayı yox, həm də qiymətidir. Belə ki, 2022-ci ilin yanvar ayında ölkəyə idxal edilmiş bir minik avtomobilinin orta qiyməti 9 366 ABŞ dolları olmuşdusa, bu ilin eyni ayında qiymət 14 160 dollara yüksəlib.

Minik avtomobillərinin 933-ü hibrid mühərrikə malik olanlardır. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal edilən belə avtomobillərin sayının 17,9 faiz və ya 204 ədəd azalmasından xəbər verir. Belə ki, 2022-ci ilin yanvar ayında 1 137 ədəd hibrid mühərrikli avtomobil gətirilmişdi. Lakin say etibarən azalmaya baxmayaraq qiymətdə kəskin artım olub. Ötən ilin yanvarında idxal edilmiş bu qrupdan olan avtomobilin orta qiyməti 9 033 dollar olmuşdusa, ötən ay bu rəqəm 2,5 dəfə artaraq 22 572 dollar təşkil edib.

Hesabat dövründə elektromobillərin sayında isə böyük artım qeydə alınıb. Belə ki, ötən ay  ölkəyə 119 belə nəqliyyat vasitəsi gətirilib ki, bu da bir il əvvələ nisbətən 9 dəfədən çox artım deməkdir. 2022-ci ilin yanvar ayında  bu say 13 olmuşdu. Bu avtomobillərin orta qiyməti də 6,7 faiz artaraq 41 495 olub.

Ötən ay ölkəyə idxal edilmiş minik avtomobillərinin 14,4 faizi hibrid, 1,8 faizi isə elektromobil olub. Halbuki, bir il əvvəl hibrid avtomobillər minik avtomobili idxalının 21,7 faizini, elektromobillər isə 0,02 faizini təşkil etmişdi.

Qeyd edək ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı  2022-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən azaddır. Elektromobillərin idxalı və satışı isə bu vergidən başqa, gömrük rüsumundan da azaddır.

Digər nəqliyyat vasitələrinə gəlincə, ötən ay 20 sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobil idxal edilib. Bu, əvvəlki illə müqayisədə 2,75 dəfə azdır. Həmçinin 376 yük və 27 xüsusi təyinatlı avtomobil gətirilib. Bu da müvafiq olaraq 10 ədəd çox və 6 ədəd azdır.