08 Sentyabr 2024

Avropa Məhkəməsi Azərbaycana qarşı ilginc iddianı rədd etdi

Oğluna Əbülfəzlabbas adını qoymaq istəyən vətəndaşın iddiası təmin olunmadı, hökumət haqlı sayıldı

Azərbaycanın məhkəmə sistemində ictimaiyyətin diqqətini cəlb edən maraqlı bir hadisə baş verib. 34 yaşlı Azərbaycan vətəndaşı Leyla İsmayılzadə ölkənin yerli dövlət orqanlarının onun yeni doğulmuş övladına vermək istədiyi adı (Əbülfəzlabbas) qeydiyyata almaqdan imtina etdiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib (Haqqin.az)

Məlumata görə, İsmayılzadə bir neçə dəfə oğlunu Əbülfəzlabbas adı ilə qeydiyyatdan keçirməyə cəhd edib. Lakin müvafiq dövlət qurumu onun bu adı və onun müxtəlif variantlarını qeydiyyata almağa icazə verməyib.

Söhbət ondan gedir ki, belə bir ad Azərbaycan Milli Elmlər Akademiyasının yeni doğulmuş uşaqların qeydiyyatı üçün təsdiq etdiyi adlar siyahısında yoxdur. İsmayılzadəni isə bu reallıq qane etməyib. Qadın bütün milli məhkəmələrə müraciət edib. Lakin onlar bu ərəb adının çətin tələffüz edildiyini əsas gətirərək, İsmayılzadəni xahişini rədd edib.

Nəhayət, Avropa Konvensiyasının verdiyi hüquqdan istifadə edən İsmayılzadə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayaraq, bu Konvensiyanın şəxsi və ailə həyatına hörmət hüququnu təmin edən 8-ci maddəsinin pozulduğunu iddia edib. Gözlənilir ki, Avropa Məhkəməsi yaxın günlərdə hökmünü açıqlayacaq. Strasburq məhkəməsi uşağının adını Əbülfəzlabbas qoymaq istəyən Leyla İsmayılzadənin şikayətini təmin etməyib.

Qeyd edək ki, Əbülfəzl Abbas (ə) İmam Hüseynin (ə) atadan bir, anadan ayrı ögey qardaşıdır, Kərbəla şəhidlərindəndir.

Bəs dinimiz bu mübahisəli məsələyə necə baxır? Uşağa belə bir ad qoymaq olarmı? Bəllidir ki, ölkəmizdə həm “Əbülfəz”, həm də “Abbas” adları geniş yayılıb. Uşağa “Əbülfəzlabbas” adı qoymaq cazimi?

İlahiyyatçı Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, müsəlmanlar arasında ən çox yayılmış adlar sırasında İmam Əlinin (ə) oğlu, Kərbəla hadisəsi zamanı şəhid olmuş və adı daha çox fədakarlıq, qəhrəmanlıq simvoluna çevrilmiş Əbəlfəzl (və ya Əbülfəzl) Abbasın adı çox məşhurdur:

51d04fe5d90bb547eddac8989890f3af.jpg (31 KB)

“Məlum olduğu kimi, onun əsl adı Abbas olub, tam olaraq Abbas ibn Əli (ə), yəni Əlinin oğlu Abbas. Ləqəbləri isə çox olub, onlardan ən geniş yayılanı isə Əbəlfəzldir, yəni Fəzilətlər atası. Bu onun yuxarıda da qeyd etdiyimiz kimi, yüksək fəzilətlərə sahib olması ilə əlaqədardır. Bu səbəbdən sonrakı tarixdə də Abbas ibn Əli Əbülfəzl Abbas olaraq yad edilib. Müsəlman ailələrdə Abbas və ya Əbülfəzl adı çox yayılıb. İndi də belədir, xüsusən də dindar ailələr övladlarını İmam Əlinin (ə) fəzilətli oğlunun adı ilə adlandırırlar. Konkret şikayətə gəlincə, bildiyim qədər Azərbaycanda iki ad qoyulması qadağandır. Yalnız birləşdirilmiş şəkildə ola bilər. O ki qaldı ailənin övladlarıan məhz ad və künyani birgə sənədləşdirmək istəməsinə, bu ailənin şəxsi seçimidir. Bunu dinlə bağlamaq çətindir və ya dinin şərhi yoxdur. Həzrət Peyğəmbər (s) buyurur ki, övladın valideyn üzərində 3 təməl haqqından biri də valideynin ona gözəl ad seçməsidir. Başqa bir hədisdə isə “övladlarınıza gözəl adlar seçin” deyilir. Ancaq dediyim kimi, tarixi-dini şəxsiyyət olan Əbülfəzl Abbasın adı Abbas, künyəsi Əbülfəzl olub. Yəni Əbülfəzl Abbas mənşə baxımından iki adın birləşməsidir. Seçim isə valideynə məxsusdur”.

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, artıq Avropa Məhkıəməsi şikayətə baxıb və qərar verib:

Əsabəli-Mustafayev.jpg (61 KB)

“Ad seçimi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi – şəxsi və ailə həyatına hörmət hüququna aid məsələdir. Avropa Məhkəməsinin bir çox qərarlarında ad seçiminə yanaşma belədir – ad seçimi şəxsi həyatdır. Avropa Məhkəməsi ilk dəfə idi ki, Azərbaycandan valideynin övladına ad qoymaqla bağlı şikayətinə baxıb qərar verirdi. Ancaq digər ölkələrlə bağlı belə qərarlar olub. Avropa Məhkəməsi ad seçimində məhdudiyyətin olub-olmamasını suveren hüquq kimi milli dövlətlərə də tanıyır. Dövlətin seçim hüququnu tanıyır. Çünki dövlət təkcə özəl həyatı deyil, uşaqların gələcəyinin, hüquqlarının qorunmasının təminatçısıdır. Dövlət hesab edə bilər ki, uşağa qarşı belə münasibət olarsa, bu ona gələcəkdə problem ola bilər. Bu məsələdə də dövlətin yanaşması belə olub”.

Əsabəli Mustafayev deyib ki, Leyla İsmayılzadə Avropa Məhkəməsinə müraciətlə yanaşı övladına Abbas adı qoyub və bu məsələdə heç bir problem olmayıb:

“Avropa Məhkəməsinin bu iş üzrə çıxardığı qərar digər ölkələrlə bağlı, mahiyyət etibarı ilə mübahisə predmeti fərqli olmayan işlər üzrə çıxarılan qərardan fərqlənməyib. Avropa Məhkəməsi ad məsələsində dövlətlərin suveren hüququnu tanıyıb. Baxmayaraq ki, bu, şəxsi həyata aid məsələdir, Avropa Məhkəməsi dövlətlərin nizamlama hüquqnu tanıyıb”.

Əsabəli Mustafayev deyir ki, uşağın özünə ad seçimi imkanı olmadığından bu məsələnin nizamlanmasına ehtiyac var:

“Əgər şəxs sonradan öz adını dəyişmək istəyərsə, vaxtilə ona qoyulan adı dəyişmək hüququnu milli məhkəmələr tanımasalar, ola bilsin ki, bu halda Avropa Məhkəməsi pozuntunu tanıya bilər. İnsanın özünə seçim hüququ verilməlidir. Bu məsələdə isə uşağın seçim hüququ yoxdur, ona adı valideynləri öz dünya görüşü, inancı ilə bağlı ad verilir. Bu ad uşağın gələcək taleyinə necə təsir edəcək məsələsindən dövlət və Avropa Məhkəməsi narahat olur. Bu gün Azərbyacanda Məhəmməd adı var, amma Məhəmməd peyğımbər adı verilməsi təbii ki, qəbul edilən deyil. Həmçinin Əbülfəzl Abbas adı da bu qəbildəndir. Hesab edirəm ki, bu məsələdə Avropa Məhkəməsi düzgün yanaşma sərgiləyib”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”