Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı
Prezident İlham Əliyev cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış etmişdir. Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir.
Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb.
Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.
Emilya Abdullayeva Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı