26 Aprel 2024

Avropa İttifaqının Bakı nümayəndəliyində məmurlara sanksiya müzakirələri – niyə indi?

Azərbaycan Qarabağ və ətrafında mövqelərini daha da möhkmələndirəcəyi bir ərəfədə – Laçının mərkəzinin Bakının tam nəzarətinə qaytarılacağı günlərdə paytaxtda gündəmi dəyişmək cəhdləri diqqət çəkir.  “Turan” xəbər verir ki, avqustun 23-də ictimai fəal Bəxtiyar Hacıyev, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbərlə birgə Avropa İttifaqının Bakıdakı nümayəndəliyində Almaniya, Belçika və Çexiya səfirliklərinin insan haqları üzrə müşavirləri ilə görüşüb. Görüşdə Azərbaycanda insan hüquqlarını pozulmasında, işgəncələrdə xüsusi fəallıq göstərən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Avropa İttifaqı ölkələrinin viza verməkdən imtina etməsi təklif edilib. “Onlar qeyd etdi ki, ölkələri üçün insan hüquqları əsas prioritet məsələlərdəndir. Bildirdilər ki, ölkələri bu məsələlərdə indiyədək səssiz diplomatiya yolunu seçib və  Azərbaycanın hökumət rəsmiləri ilə bağlı qapılar arxasında müzakirə edib. Dedilər ki, artıq başa düşürlər ki, bu məsələləri açıq şəkildə hökumətə çatdırmalıdırlar”, deyə xəbərdə bildirilir. 

Azərbaycana qarşı zatən indi erməni təbliğatı maşını işləyir, torpaqlarımızda illərlə qanunsuz məskunlaşanlar Laçının kəndlərindən zəruri köçürülməni az qala sürgün kimi qələmə verirlər, bütün mümkün tribunalardan ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu xüsusda isə insan haqlarını bəhanə edərək, erməni əhalinin Azərbaycanın nəzarətində yaşaya bilməyəcəyini deyirlər. Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin mükəmməl olduğunu heç kim iddia etmir, əlbəttə ki, bu sahədə də xeyli qüsurlar var. Amma nəzərə alınmalıdır ki, indilikdə Avropa səfirlərinə şikayətə getmək zaman baxımdan uyğun deyil.

Aydın Hüseynov: Vətəndaşlar evdə qalmalıdır - "İki sahil"

Aydın Hüseynov: “Ermənilər də Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini tələb edir, özünü azərbaycanlı və hüquq müdafiəçisi adlandıran həmin şəxslər də…”

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın uğurları artdıqca Ermənistan və dünyadakı ermənipərəst qüvvələrin ölkəmizə qarşı gözdənsalma kampaniyası genişləndirilir. Ən diqqətçəkən məsələ ondadır ki, özünü “hüquq müdafiəçisi” kimi təqdim edən ünsürlər də ermənilərin anti-Azərbaycan xoruna qoşulublar: “Ermənilər də Azərbaycana qarşı Avropa İttifaqının və digər beynəlxalq təşkilatların sanksiyalar tətbiq etməsini tələb edirlər, özünü azərbaycanlı və hüquq müdafiəçisi adlandıran həmin şəxslər də. Belələrinin mövqeyinin ermənilərin mövqeyindən fərqi yoxdur. İnsan öz milliliyini nə qədər itirməlidir ki, öz dövlətinə qarşı sanksiyaların qəbul edilməsi təşəbbüsünü qaldırsın?! Bu, bir daha sübut edir ki, belə adamlar xaricdən, xaricdəki ermənilərə bağlı təşkilatlar tərəfindən idarə olunurlar. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin əsl sahibinə-Azərbaycana qaytarılması prosesinin getdiyi bir vaxtda, Azərbaycanla-Ermənistan arasında qarşıdakı dönəmdə danışıqlar prosesinin başlayacağı barədə məlumatların ortaya çıxdığı zamanda 3-4 ”hüquq müdafiəçisinin” Avropa İttifaqını, Avropa İttifaqı ölkələrinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmasının başqa adı yoxdur. Belə çağırışları ya ermənilər edir, ya da ermənilərin sifarişi ilə hərəkət edənlər. Diqqət etdikdə görürük ki, nə zaman Azərbaycanın çox ciddi milli maraqlarını həyata keçirilməsi prosesi gündəlikdə olursa bir qrup “hüquq müdafiəçi” peyda olur və bir kütləvi aksiya şousu yaradırlar, sonra isə ölkəmizdə insan hüquqlarının pozulduğu hay-küyünü salırlar. Bu cür addımların da xaricdəki ermənilərə bağlı dairələr tərəfindən sifariş edildiyinə şübhə yoxdur.

Lakin belə çirkin ünsürlər bilməlidirlər ki, onların hərəkətləri onların özlərinə qarşı cəmiyyətimizdə hiddət, nifrət yaradır. Azərbaycan dövlətinə, onun liderinə dünyada, Avropa İttifaqında və digər bu kimi beynəlxalq təşkilatlarda yüksək münasibət var. Bu münasibəti dəyişməyə çalışanlar istəklərinə nail ola bilməzlər”.

Çingiz Qənizadə: "Bu, arzularımdan biri idi" - MÜSAHİBƏ - son xeberler

Çingiz Qənizadə: “Bu cür məsələləri beynəlxalq səviyyəyə qaldırmaq və dövlətimizin əleyhinə istifadə etmək yolverilməzdir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, bu gün bir sıra media orqanlarında jurnalist peşəsindən xəbəri olmayan, bu peşənin dəyərini, məsuliyyətini  bilməyən çoxlu sayda insanlar olduğu kimi, hüquq müdafiəsi təşkilatlarında da, hüquq müdafiəçiləri arasında da bu peşənin tələblərini doğrulda bilməyən, hüquq müdafiəçiliyi ilə siyasi mübarizəni qarışdıran şəxslər var: “Çox təəssüf ki, bu cür yeni ”hüquq müdafiəçiləri” meydana çıxıblar və dövlətimizin maraqlarını kənara qoyaraq, lazımi anlarda deyil, uyğun olmayan vaxtlarda, dövlətimiz üçün həssas olan məqamlarda Azərbaycan dövlətinin qınanması, imicinə zərbə vurulması üçün müxtəlif görüşlər keçirirlər, bəyanatlar yayırlar. “Turan” Agentliyinin xəbərində adı çəkilən şəxslərin də indiki həssas məqamda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması adı altında Avropa İttifaqının bir neçə ölkəsinin səfirləri ilə görüş keçirib ölkəmizin bəzi vəzifəli şəxslərinə Avropa İttifaqının vizalar verməməsi tələbi ilə çıxış etməsi əslində erməni dəyirmanına su tökmək kimi bir şeydir. Biz də bilirik ki, ölkədə müəyyən problemlər var, hüquq-mühafizə orqanları ilə bağlı, ayrı-ayrı məhkəmə orqanları ilə bağlı, müxtəlif vəzifəli şəxslərlə bağlı problemlərin olduğunu inkar etmirik. Amma bu problemlərin nə zaman və hansı məkanda gündəmə gətirilməsi və tələblərin irəli sürülməsinə xüsusi diqqət ayırmaq lazımdır ki, ölkəmizin ümumi maraqlarına zərbə dəyməsin. O məsələlər ki, ölkəmizin daxilində həll oluna bilər onun beynəlxalq təşkilatlara çıxarıb belə həssas məqamlarda Azərbaycan əleyhinə istifadə edilməsi yolverilmızdir və başa düşülən deyil. Mən təəssüf hissi ilə qeyd edirəm ki, ermənilər hal-hazırda dirəniş göstərərək elə bu günlərdə də Xankəndidə 100 metrlik Rusiya bayrağını nümayiş etdirərək kömək umduqları bir zamanda Azərbaycanın vətəndaşı olub özünü hüquq müdafiəçisi kimi təqdim edən bəzi şəxslər Avropa İttifaqından Azərbaycana qarşı addımlar atılmasını tələb edirlər. Mən bu hərəkətə təəssüf edirəm. Mən bilmirəm bu “Müdafiə xətti” nədir, kimdir, nədən müdafiə olunurlar? Ölkədə insan hüquq və azadlıqlarının pozulması halları olanda biz hüquq müdafiəçiləri olaraq faktlarla bağlı məlumatı hüquq-mühafizə orqanları, müvafiq vəzifəli şəxslərə dərhal çatdırırıq və məsələnin yerində həll olunmasına çalışırıq. Amma bu cür məsələləri beynəlxalq səviyyəyə qaldırmaq və dövlətimizin əleyhinə istifadə etmək yolverilməzdir. Avropa İttifaqının Qarabağ məsələsində Azərbaycana dəstək verdiyi bir məqamda bu qurumu ölkəmizə qarşı qoymağa çalışmaq ermənilərin marağına xidmət etməkdir”. 

Etibar SEYİDAĞA