“Atabəylər” uğurlu olmasa… Tamaşaçı və biznes neçə vaxtdır belə layihə gözləyir
Azərbaycanda reklam bazarında ciddi və dərin böhranın olduğunu hər kəs etiraf edir, amma problemin ikibaşlı olması çox vaxt diqqətdən kənarda qalır.
Söhbət ondan gedir ki, bir tərəfdən, biznes mediada reklam yerləşdirməkdə maraqlı deyil; amma digər tərəfdən, maraqlı olanlar da uyğun platforma və məzmun daşıyıcısı tapa bilmirlər. Daha açıq desəm, kütləyə çatmaq üçün marginal saytlara və verilişlərə reklam yerləşdirmək lazım gəlir, bu isə reklamın ciddiliyini və effektini azaldır. Ciddi iş adamları çox vaxt səviyyəsiz məzmunun arasında reklam olunmağı özlərinə sığışdırmırlar.
Marginal tamaşaçı və oxucu biznes üçün maraqlı deyil. İstənilən biznes reklamını özünə uyğun kontentin arasında yerləşdirməyə can atır. Amma təəssüf ki, Azərbaycan kanallarında məzmun rəngarəngliyi yumşaq desək, gözə girmir. Reytinqi yüksək olan verilişlərin tamaşaçıları isə elə kütlədir ki, reklamverənlərin çoxu onları özlərinin gələcək potensial müştəriləri kimi təsəvvür etməkdə çətinlik çəkirlər…
Ona görə də, ölkədə reklam bazarı praktik olaraq artmır. 2015-ci ildə toplam reklam dövriyyəsi təxminən 40 milyon manat idi. Aradan keçən dövrdə cəmisi 5 milyon manat artıb və heç cür 45 milyon manat həddini keçə bilmir. Bunun da təxminən yarısı televiziyaların payına düşür. TV reklam bazarında artıq neçə ildir ki, pat vəziyyəti müşahidə edilir.
Bunun nə qədər gülünc vəziyyət olduğunu təsəvvür etmək üçün deyək ki, Türkiyədə reklam bazarının həcmi 311 milyon dollardır. Reklam – iqtisadiyyatın mühərrikidir. O, bizneslə müştəri arasında körpüdür. Reklam yoxdursa, iqtisadi inkişaf da olmur.
Bir növ qapaılı dairə alınır: Reklamverənlər gileylənirlər ki, səviyyəli kontent yoxdur; tv-lər deyirlər ki, səviyyəli kontentə baxılmır; tamaşaçı isə şikayətlənir ki, “ciddi” adı ilə təqdim olunan kontent maraqsızdır. Əlbəttə, tamaşaçını qınamaq olmaz, heç kim öz marağını zorlamalı deyil.
Vəziyyətdən çıxış yolu universal tipli maraqlı kontentin hazırlanması olardı, bunun nə olduğu isə heç kimdə şübhə doğurmur: ilk növbədə seriallar.
Azərbaycanda onlayn media televiziyaları sıxışdırdığı halda, Türkiyədə əks proses gedir. TV-lərin həm baxılma müddəti, həm də reklam qazancları son illərdə durmadan artır. Özü də kifayət qədər ciddi rəqəmlərlə: hər il 22-23 faiz. İndi isə diqqət: Türkiyədə son illərdə serialların da baxış səviyyəsi hər il 22-23 faiz artır. Başqa sözlə, televiziyalar inkişaflarını məhz seriallara borcludurlar!
Ümumiyyətlə, son illərdə bütün dünyada televiziya bazarının inkişafı serial bazarının inkişafı iləı paralel gedib. Nəticədə həm serialların statusu və keyfiyyəti xeyli artıb, həm də televiziyaların auditoriyası və reklam gəlirləri. Bu gün hətta vaxtı olmayan insanlar da azı 3-5 seriala baxırlar. Bunlar artıq 30 il əvvəlin “sabun operaları” deyil, yüksək bədii dəyərə malik ekran əsərləridirlər. Nəticədə reklamverənlər üçün ideal platforma yaranır: yaşından, sosial mənsubiyyətindən, gəlirlərinin səviyyəsindən asılı olmayaraq yüzminlərin, milyonların ekran başına toplaşdığı vaxt – bu, əsl reklam cənnəti deyilmi?!
Azərbaycan televiziyaları bu mərhələnin başlanğıcını qaçırdılar. Bizdə günü bu günə qədər çəkilən serialların əksəriyyəti 30 il əvvəlin “sabun operaları”ndan heç nəilə fərqlənmir və əsasən evdar qadınların diqqətini çəkir. Halbuki, dalğanı tutmaq üçün universal bir kütləvi şou tələb olunurdu.
AzTV-nin artıq anons etdiyi “Atabəylər” bu baxımdan tam uduşlu variant kimi görünür. Onun milli proyektə çevrilmək və hamını ekran başına toplamaq üçün bütün şansları var: Populyar tarixi mövzu, ictimai maraq, Türkiyənin “Diriliş Ertoğrul” və “Kuruluş Osmanlı” kimi serialları ilə hazırlanmış tamaşaçı kütləsi… Bu kütlə neçə vaxtdır ki, məhz belə bir layihəni gözləyirdi.
Ona görə də, “Atəbəylər” uğurlu alınmağa sadəcə, məhkumdur. Amma buna geniş mənada yanaşmaq lazımdır: televiziyalar üçün şans kimi. Başa düşmək lazımdır ki, təkcə tamaşaçı yox, biznes də neçə vaxtdır məhz belə bir layihəni gözləyirdi. Serialın Azərbaycan televiziya sənayesi ilə yanaşı, reklam bazarında da inqilab edəcəyini gözləmək üçün bütün əsaslarımız var. Sadəcə, gərək digər kanallar da fürsəti qaçırmasınlar və özlərinin anoloji layihələrini hazırlasınlar.
İncə bir məqamı da nəzərdən qaçırmaq olmaz. Hazırda seriallar getdikcə televiziyalardan OTT-platformalara (over the top streaming) miqrasiya edir. “Netflix”, “Hulu”, “Amazon Prime”, “HBO Max” kimi qlobal platformalar bu sahədə televiziyalara ciddi rəqibdir. Artıq Türkiyədə də “TV+”, “Blu TV”, “Puhu TV”, “Exxen” kimi OTT platformalar yaradılıb. Zamanla bu platformalar serial izləyən kütlənin bir qismini tv-lərdən alacaqlar. Amma istənilən halda tv-lərin pulsuz olmaq kimi bir üstünlüyü var. Ölkəmizdə serial sənayesi inkişaf edərsə, gələcəkdə milli OTT-platformanın yaradılması da maraqlı olardı. Yox, əgər etməsə… onda televiziya sənayesində tənəzzül də qaçılmazdır.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru