22 Dekabr 2024

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır

Prezident İlham Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxış edib.

Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular.

Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

1970-ci illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar.

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, – o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, – yenə də öz Vətəninə qayıtmışdır.

Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər.

Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir.

Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı