15 Oktyabr 2024

Aşıq Ələsgər vətənpərvər, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev çıxış edərək qeyd etdi ki, bu gün şəhərimizdə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da çox gözəl hadisədir.

Bildiyiniz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdı. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını etdi. Azərbaycan Prezidenti abidənin önünə gül dəstəsi qoydu. Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.

Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.

Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı