Armen Sarkisyanın Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb
Ermənistan Prezidenti Administrasiyası onun Bakıya səfər etməsi barədə şayiələri təkzib edib.
Qazet.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, bir müddət əvvəl yerli “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı keçmiş fəxri konsulu Arayik Sarkisyanın sözlərindən sitat gətirib. Diplomat Ermənistan prezidentindən “noyabrın 17-də Bakıda nə edirdi”, – deyə soruşmağı təklif edib.
“Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-də guya Bakıda olduğu barədə xəbərlər yer alıb. Bu, açıq-aydın yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də başqa bir gündə Bakıda olmayıb”, – Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
17 noyabr 2020-ci il tarixinə gəlincə, qeyd olunub ki, A.Sarkisyan həmin gün işçi gündəliyinə əsasən, Yerevanda Kanadanın Ermənistanda yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib, səfir etimadnaməsini prezidentə təqdim edib.
Sarkisyan həmkarlarını “absurd, açıq-aşkar yalan məlumatları və mənşəyi məlum olmayan şəxslərin yalan ifadələrini” yaymaqdan çəkinməyə çağırıb.