AQŞİN HACIZADƏNİN SÖZ DÜNYASI -Əzizə Ağahüseynqızı
AQŞİN HACIZADƏNİN SÖZ DÜNYASI
İstəkli oxucular, sizə çoxdan tanıdığım, qələminə, şəxsiyyətinə hörmət etdiyim söz adamı, sözün ağırlığını yaşayan, körpəlikdən sözlə, nəğməylə, bayatıyla böyüyən, ata ocağının sacı, ata yolunun davamçısı, Sərraf Şiruyə yurdunun oğul yadigarı şair Aqşin Hacızadənin yaradıcılıq yollarından söhbət açacam. Gəlin sizlərlə birgə onun yaradıcılıq yollarına səyahət edək. Ədəbi mühitdə, poeziyada öz dəst-xətti olan şair Aqşin Hacızadə kimdir?
Hacızadə Aqşin Şiruyə oğlu 1969-cu il oktyabr ayının 17-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Atası Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş mərhum şair Sərraf Şiruyə əslən Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndindən 1953-cü ildə deportasiya olaraq Bərdədə məskunlaşmışdır. Aqşin Hacızadə 1976-1986-cı illərdə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. 1987-1989-cu illərdə Sovet ordusu sıralarında xidmət etmiş, 1993-1996-cı illərdə isə Ağdam cəbhəsində döyüşlərdə könüllü iştirak etmiş Qarabağ müharibə veteranıdır. 1990-cı ildə Bərdə rayon Mədəniyyət evində işləməyə başlamışdır. Hal- hazırda Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd Folklor evinin bədii rəhbəri vəzifəsində işləyir.Yaradıcılğa gənc yaşlarından başlayan Aqşin Hacızadənin yaradıcılığında vətənpərvərlik mövzusunda yazılmış şeir və poemaları, o cümlədən publisistik yazıları əsas yer tutur. Bu günə qədər şairin 6 (altı) şeirlər kitabı nəşr olunmuş, hal-hazırda eyni vaxtda 7 və 8-ci kitabları nəşrə hazırlanır. Şairin bir çox şeirləri “Ədəbi İrəvan” adlı şeirlər antologiyasının 6 ayrı-ayrı hissələrində, o cümlədən digər antologiyalarda, müxtəlif qəzetlərdə nəşr olunmuş, dəfələrlə televiziya verilişlərində səsləndirilmişdir. Şairin
“Məzarı olmayan onbeş qəhrəman”poeması, “Öncə vətən, sonra ana” poeması, “Tikdim ki, izim qala” poeması, “On altı şəhidin altısı yaşıd” poeması, “Göyçədən başlanan şəhidlik yolu” povesti, “İki qardaş, iki igid, Biri qazi, biri şəhid” publisistik yazısı və sair yazıları məhz vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın döyüş yoluna həsr olunmuşdur. Şairin aşıq yaradıcılığına vurğunluğundan irəli gələrək yaradıcılığı sırasında poeziyanın qoşma, gəraylı, sərbəst şeir janrları ilə bərabər, bu gün hər şairin müraciət etmədiyi və ya edə bilmədiyi “Təcnis” janrı da böyük yer tutur ki, “Təcnislər” adlı şeirlər kitabı da artıq nəşr olunmaq ərəfəsindədir. Şair Aqşin Hacızadə vətənə, dövlətə, poeziyaya sevgisi ilə bu gün də yaradıcılığını sevə-sevə davam etdirir.
Onun nəşr olunmuş kitabları aşağıdakılardır.
1.Vətən bizi bağışlamaz. (2010)
2.Sənsizliyi duyacağam.(2011)
3.Tikdim ki, izim qala (2021)
4.Şəhid Qulam Qədirov. (2022)
5.Göyçədən başlanan şəhidlik yolu. (2023)
6.Biz yenə də dönəcəyik Göyçəyə (2023)
7.Məzarı olmayan onbeş qəhrəman(2024)
8.Təcnislər (2024)
İndi onun qarşımda “Məzarı olmayan onbeş qəhrəman” adlı şeirlərdən və poemalardan ibarət əlyazmalarıdır. Şeir kitabında “İşğal dövrünün şeirləri” və “Şairlər yaşamır şair ömrünü” başlıqları şeirlər sırasında yer alıb. Hər bir şeir həyat həqiqətləri, reallıqlarla yoğrulmuş hekayələrdən yaranan bir şairin könül çırpıntılarıdır. Kitabın ilk səhifəsində yazılan şeir nəzərimi cəlb edir. “Türk oğluyam” şeirində şair deyir:
Türkdür atam, türkdür anam,
Həm şairəm, həm ozanam.
Meydanlarda mən Qazanam,
Həm Koroğlu, həm Boluyam.
Çanaqqala zəfər yerim,
Xocalıdır kədər yerim!
Şəhid olub çoxlu ərim,
Həm yaslıyam, həm toyluyam,
Mən azəri Türk soyluyam!
deməklə sanki od püskürür, otuz ildən çox yağı tapdağında qalan torpaqlarımıza sahib olmaq üçün o, dost, qardaş, qanı bir türk dünyasını sülhə, birliyə səsləyir:
Bəsdir parçalandığın,
Bəsdir bölündün, yetər!
Dərd ki, olmaz bu qədər!
O tay, bu tay qoy olsun,
Hər mahal, həm hər şəhər.
Bir ürəyim, bir canım,
Birləs Azərbaycanım!
Türk yurdusan, başını,
Əymə farsa, rusa sən,
Durma susa-susa sən.
Qalx qalib ol, sahib ol,
Qarabağa yenidən,
Gərəkdirsə yolunda,
Hazıram verim qanım,
Birləş, Azərbaycanın!
Öz canı, qanı ilə bütov Vətən duyğulu olan şair, vətənin çətin anlarında qələmini bir əsgər kimi süngüyə çevirmiş, yurd eşqiylə neçə-neçə vətənpərvərlik ruhunda əsərlər yazmışdır. “Mənə şair deməyin”, “Şairlər bizlərdən küsub getdilər”, “Yıxıla-yıxıla yaşayıram mən”, “Taa ömrüm”, “Yaşadım”, “Başım yadımdan çıxıb”, “Üç əsgər anası”, “İgid Eldəniz”, “Asimim şəhiddir”, “Göyçə deyirdi”, “Yetdi arzusuna, yetdi ər Cavid”, “Vətən oldu Rəşadət”, “Bir əsgər olubdu Eldar adında”, “Elim Ziya deyəndə”, “Şəhidlik zirvəsi qazanıb Elşən”, “Yaşa şəhidim”, “Qarabağa getmədik”, “Bu qatar Ağdama gedə bilməyir”, “Döyüşlərdə udmalıyıq biz döyüşü”, “Durma ordum, düşməni vur”, “Ucal Azərbaycanım”, “Vətən” kimi şeirləri şairin doğma yurda məhəbbətindən yaranıb.O “Vətən” şeirində yazır:
Əsgər təki gözləyirəm,
Çağırasan gələm, Vətən!
Elə keçir ürəyimdən,
Səndən ötrü öləm, Vətən!
Səmimi, saf duyğulardan yaranan bu şeirlərin hər şətrindən ana torpağa doğmalığı hiss edirsən.
Aqşin Hacızadənin 44 günlük müharibə ərəfəsində yazdığı şeirləri xüsusilə diqqəti çəkir. Şeirlərin mövzusu, adı, mahiyyəti o qədər dogmadır ki, sanki hər bir oxucunun qəlbindən keçənləri misralara düzub. Onun, ordumuzun qələbə çaldığı zamanlarda ekranlardan qələbə sorağını eşidib yazdığı şeiri, milyonların ürəyindən keçən səmimi hisslərdir:
Paradı izlədim fəxarət ilə,
Sevincimdən gülə-gülə agladım.
Necə yağir göydən yağış, bax elə,
Axdı yaşım gilə – gilə, ağladım.
Ağlamışam xalqın yaman günundə,
Matəmində, dərd-sərində, ünündə,
Uşaqların, kiçiklərin önündə,
Mən sevinci bilə-bilə ağladım.
(“Ağladım” şeiri)
Bəli, bu coxmilyonlu Azərbaycan xalqının sevinci idi ki, hər kəs bu qələbəni sevinc göz yaşları içində bayram etdi. Şəhidlərimizin canı, qanı bahasına qazanılan 44 günluk savaşın nəticəsi göz qabağında idi. Qardaş Türk xalqının köməyini, dəstəyini hər an xalqımızın, ordumuzun yanında hiss etdik. Bu heyrət edici doğmalığı, dostluq, qardaşlıq köməyinin sevincini şair belə tərənnüm edir:
Üzümüzə güldü zaman,
Tam qurtulduq bir isğaldan
Bu sevincdən bizi boğan,
Qəhərimiz mübarəkdir!
Zəfərimiz mübarəkdir!
Və yaxud;
Alındı torpağımız,
Gözəl Qarabağımız,
Üçrəngli bayrağımız,
Sancılıbdı Şuşaya!
Ölkəmiz 44 günlük müharibədə zəfər qazanandan sonra Türk dünyasının mərd oğlu R.T.Ərdoğanın Bakıya, Azərbaycana gəlişi hamıda qürur hissi doğurdu.Onun 10 dekabr 2020-ci il tarixində qələbəmiz münasibəti ilə Bakıda keçirilən hərbi paraddakı çıxışından ruhlanan şair Aqşin Hacızadə sevincini “O şeiri bir də söylə Ərdoğan” adlı şeirində belə ifadə edir:
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə, Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan!
Qələbəmizin qazanılmasında dost, qardaş Türkiyənin əvəzsiz köməyini qeyd etməmək olmur. Müharibənin ən çətin anlarında türk ordusunun köməkliyi ilə vətəndə düşmən üzərində qələbəmiz təmin olundu. Şair bundan ruhlanaraq:
Bura sənin öz yurdundur,
Tez gəl Türküm, tez gəl Türküm!
Gözləyirik sevinc ilə,
Biz, gəl Türküm, biz, gəl Türküm!
Ürəyində nisgil, qubar,
Haqsızlıqdan bezənlər var,
Harda Türkü əzənlər var,
Əz gəl Türküm, əz gəl Türküm!
Tez gəl Türküm, tez gəl Türkum!…deyir.
Başqa bir şeirində yenə “Dönür Qarabağa Ərdoğan gəlir”deyən şairin qürur hissini, güvənini duymamaq mümkün deyil:
Onu burda xilaskartək sevirlər,
O bizlərə çox əzizdir deyirlər.
Əzəl gündən xan yurdudur bu yerlər,
Xan yurduna sultan gəlir, xan gəlir,
Donür Qarabağa Ərdoğan gəlir.
O quzu kəsdiyim nər oğlan gəlir.
A.Hacizadənin”Məzarı olmayan on beş qəhrəman” adlı şeirlər kitabında ölkə rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevə və qalib prezidentimiz İlham Əliyevə həsr olunmuş şeirlər də yer alıb.Boyuk qələbəmizin qazanılmasında onun misilsiz, əvəzsiz səylərini xalqımız görür və izləyirdilər. Otuz ildən sonra torpaqlarımızı düsməndən təmizləyən ölkə rəhbərinin hər anına bir kitab yazılsa, yenə də azdır. Şairin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Eşq olsun, eşq, öndərə” şeirində bu sevgini aydın görürük:
Bu dövləti dünyada,
Çox dövlətdən baş edib.
Yurduna daş atana,
Qəzəbini daş edib.
Hər nə edib xalqına,
Olsun deyə xoş, edib.
Böyük ehtiramla biz,
Rəhmət deyək min kərə,
Baş endirək öndərə.
Və yaxud “Cənab Prezident” şeirində:
Bu yerdə qan töküb çox igidlərin,
Var tarix yazanlar, var şahidlərin.
Ruhunu şad eylə sən, şəhidlərin,
Düşməni yax oyna, Cənab Prezident!
Bu şeirin davamı olaraq ,”Qalıb edək İlhamı biz” şeirində oxuyuruq:
Sülh gərəkdir bu ölkəyə,
Şəhid verək axı niyə?
Hey yaşasın vətən, deyə,
Odur bu gün gərəyimiz,
Qalib edək İlhamı biz!
Doğrudan da həsrətli, ağrılı otuz ilin əzablarını yaşayan məcburi koçkünlərin ürəyindən tıkan çixaran ölkə rəhbərinin müdrik siyasəti nəticəsində torpaqlarımız uzun sürən işğaldan sonra azad oldu. Şair sevincini poeziya dili ilə oxucusuna belə çatdırir;
Sən dahisən, sən ərsən,
Sən hünərsən, zəfərsən,
Zülmət dalınca doğan,
İşiqlı bir səhərsən.
Azərbaycan xalqının
İgid oğlu, ər oğlu,
Ey İlham Heydər oğlu!
Uzun illər yurd ağrılarıyla yaşayan, həm öz ata, baba yurdu Göycə mahalının Daşkənd kəndindən ayrı dûşməsi, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşaraq yaşaması, dağına, aranına həsrət qaldığı Kəlbəcərə, Şusaya gedə bilməməsi onu çox göynədib. Atası şair Sərraf Şiruyənin də əsərlərində yurd itgisi yana-yana tərənnüm olunub. O ağrı, o vətən sevgisi Aqşinin də ürəyinin tellərini zədələyib. Qələbədən, zəfərdən sonra yollarında, dağlarında, düzlərində at oynatdığı Kəlbəcərinə getmək, onun göz yaşı kimi suyundan içmək, vətən nisgilini heç olmasa Kəlbəcərə getməklə özunü ovutmaq istəyib. Belə gorüşlərin birində “Kəlbəcərə gəlmişəm” adlı şeirində deyir;
Şukür olsun qismətinə İlahi,
Fürsət düşub Kəlbəcərə gəlmişəm.
Ötüb keçib əlli beş il ömürdən,
Bu cənnətə mən ilk kərə gəlmişəm,
Fürsət düşub Kəlbəcərə gəlmişəm.
Şeiri oxuduqca göz önünə yurd yerləri gəlir, obaları yenə öz yerində, ocaqları qismən yanar, bacaları tüstülü gorüb umidlənirsən. Şairin dogulduğu Daşkəndinin də həsrətini aydınca duyursan. 44 günlük zəfərdən sonra inanırıq ki, Göycə həsrətli yurddaşlarımızın da o torpaqlara qovuşmasına lap az qalıb. İnşaallah ki, şair də yollarının tozuna tamarzı qaldığı Daşkəndinə qovuşacaq, o yerlərin Ocaq, Qocaman, Sarıbulaq kimi bulaqlarının diş göynədən suyundan içərək, Göytəpədə, Sarı yerdə də, Uzun və Gödək Güneydə xatirələrini söyləyəcək, Tərsə çayına nəğmələr qoşacaqdır.. Necə ki, odlar yurdumuzun hər məkanına şeir, nəğmə qosduğu kimi..
Goyçəyə dönmək ümidi o qədər yaxindadır ki…
Odur ki, şair yazır:
Zülmət itir, yavaş-yavaş doğur dan,
Hazır olun göyçəlilər, bu andan.
Kəlbəcərdən mesaj verdi komandan,
Olub bizim qədim məkan, yurd deyə,
Biz yenə də dönəcəyik Göyçəyə!
Dərələyəz ortadadır, ordadır,
Qovuşacaq Zəngibasar, Zəngəzur.
Deyə bilməz kimsə bizə “dayan”, ” dur”,
Tam bütövlük gələcəkdir ölkəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!
Aqşin Hacızadənin “Məzarı olmayan on beş qəhrəman” adlı şeirlər kitabında Bərdə rayonunun Yeni Daşkənd kəndindən və eləcə ətraf rayonlardan torpaqlarımızın azadlığı, ərazi bütovlüyü uğrunda könüllü savaşa gedən, layiqincə doyüşub şəhid olan oğulların xatirəsinə həsr etdiyi şeirlər diqqəti cəlb edir. Onlardan şəhid Asim Çingiz oğluna, Mehdi Məhərrəmova, Cavid Rövşən oğluna, Eldar Sadıqova, Ziya Quliyevə, Elşən Əliyevə, Səfayət Hümbətova, Eldəniz Nazarova, üç əsgər anası Sürəyya anaya yazdığı şeirlər oxucunu göz yaşinda boğur.
A.Hacizadənin şeirlərinin kökündə VƏTƏN dayanır. Onun hər bir şeiri, misrası, bəndi vətən sevgisiylə toxunmuş xalıdı.Bu xalıların hər birinin öz çesnisi, söz ceşnisi var. Şair “Yaşadım” şeirində yazır:
Mən günəşin səfəqinə əzəldən,
Həsrət qalıb, quzey ömrü yaşadım.
Boynubükük bənövşətək tək qalıb,
Gül-çicəyə ögey omrü yaşadım.
Baldı dedi bu dünyaya, bal dadan,
Mən aldanan, dünya oldu aldadan.
Həm özgəni, həm özümü ağladan,
Kaman ömrü, bir ney ömrü yaşadım.
söyləyərək:
Hər günü bir yeni dərd-əzab ilə,
Doğula-doğula yaşayıram mən.
deyir və dərdlərin arasında öz şeir dünyasını yaşayır Aqşin Hacızadə. Dogulduğu, yaşadığı torpağın, yurdun insanlarına sevgisidir onu yaşadan. Onun müharibə mövzusunda yazdığı şeirləri və “Məzarı olmayan on beş qəhrəman” poeması vətənpərvərliyin sübutudur. Kitabının adı da bu poemadan götürüldüyûndən nəzərimi daha çox cəlb etdi. Poemada hadisələr 1993 və 1994-cü illərdə birinci Qarabağ müharibəsində Bərdə, rayonunun 5-ci taborunun rabitəçisi Rəşadət Əli oğlu Piriyevin və onun silahdaşlarının sanlı döyüş yollarına həsr olunmuşdur.
Düsmənə qarşı vuruşan bu on beş qəhrəman Murovdağda “Meydançay əməliyyatı” zamanı düşmən tələsinə düsdüklərindən epik təhkiyə üsulu ilə maraqla və ürək ağrısı ilə nəql olunur. Soyuq, şaxtalı qış gecəsində düşmənə qarşı qarın, şaxtanın üstündə əsil qəhrəmanlıq nümunəsi gôstərən qəhrəman şəhidlərimizin rəşadəti ön plana çəkilir. Bir tabordan 80 doyüşcü ayrı-ayrı mövqelərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, bir bölüyün on beş əsgəri isə tamamilə məhv olmuş, Murov çöllərində cəsədləri qalmışdı. Doyüş zamanı tək bircə “komandir,” sağ qalmısdı. Sonda məlum olur ki, əməliyyatda düsmən əli var.”Baba” ləqəbli hərbidən anlayışı olmayan iran əsilli Məhəmmədəli Əmir İbrahimi gülü burnunda oğulları düsmənə “satıb”. Poemanı ürək ağrısı ilə oxudum, sarsıldım. Rəşadətin, Tahirin, Gərayın, Etibarın, Eldənizin, Ənvərin, Qulamın, Ələddinin, Qəzənfərin, Elxanın, Rizvanın “Meydançay əməliyyatı”nda göstərdikləri qəhrəmanlıqlar poemanın hüdudlarından kənardadır.Bu isə müəllifin uğurudur. Bir əməliyyat planını öz könül süzgəcindən çox məharətlə keçirtdiyinə, hadisələrin gedişatını obrazların diliylə dindirmək bacarığını, poetik söz tutumunu oxucu marağı ilə izlədim və bu qənaətə gəldim ki, Aqşin Hacızadə poeziya mühitində hələ sözunu deyib qurtarmayıb. Onun qəlbində hələ yazilmamış yazılar, şeirlər, poemalar, kim bilir bəlkə də roman və povestlər yatır. Bir şair ocağının közünü sönməyə qoymayan, vətənini, elini, kəndini, onun insanlarını bu qədər sevmək qabiliyyəti çox güman ki, ona atası şair Sərraf Şiruyədən keçmisdir. Odur ki, Aqşin də atasına olan məhəbbətini hər məqamda biruzə verir:
O bir sərraf sənətkar,
Tarixdə öz yeri var.
Sanma məni bəxtiyar,
Sözüm onun sözüdür.
Odur Aqşinə bir şam,
Yanır səhər, hər axşam.
Odu ondan almışam,
Közüm onun közüdür.
Və yaxud;
ataya olan böyük sevgisini “Burda” şeirində görün necə yazıb;
Bir aləmdir bu məzarlıq,
Var nə qədər adam burda.
Çoxu mənə doğmalardı,
Sanmıram ki, yadam burda.
Xatirədir olan, ötən,
Unudulmur ölən, itən,
Hərdən keçir ürəyimdən,
Atam ilə yatam burda..
Ataya bu şəkildə, bu tərzdə oğul sevgisinin deyildiyini görməmişdim, əhsən! Aqşinə Tanrısı sevgisini yetərincə verib. O sözün, söz onun dostudur. Hər zaman sözün əlləri onun kürəyində, sözün şəkli ürəyində, sözün mayası ruhundadır Aqşinin.
Göyçə mühitinə şair Məhəmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Aşıq Hacı, Sərraf Şiruyə, Şair Alqayıt, Aqil İman, Qılman İman, Araz Yaquboğlu kimi şəxsiyyətləri yetirən Tanrı, Rəsullu nəslinin davamçısı Aqşin Hacızadə kimi söz sərrafını da bəxş etmişdir. Ot kökü üstündə bitər deyib atalar. Öz kökünün, soyunun layiqli nümayəndəsi həm sözün, həm elin yükünü layiqincə çəkmək qabiliyyətindədir.
Bu sonu bilinməyən söz dəryasında sənə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram Aqşin, qələmindən bulaq suyu kimi süzülən nəğmələrin könül sarayını, ömrünü bəzəsin.
Sənə Ulu Goyçəyə, Daşkəndinə qovuşmaq arzusuyla, diləyiylə…
Əzizə Ağahüseynqızı
Şair, AJB və AYB uzvü, prezident mukafatçısı