21 Noyabr 2024

Aqrar sığorta məbləği və sığorta haqqı necə müəyyən edilir?

Əkin sahəsi və məhsulların sığortalanması barədə müqavilənin bağlanma şərtləri, sığorta məbləğinin həcmi, sığorta haqqı, onun ödənilməsi qaydası və müvafiq sığorta hadisəsi baş verdikdə ödənişin həyata keçirilməsi forması müəyyən edilib. Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər.

Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil ekspert tərəfindən sığorta predmetinə, yəni əkin sahəsinə baxış keçirilir.

Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

Sığorta məbləği necə müəyyən olunur?

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır.

Əgər söhbət tingdən (şitil) gedirsə, sığorta məbləği həmin tingin bazar qiyməti əsasında hesablanır.

Sığortalanan bitki ağac və ya koldursa, onun təminatı üzrə sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.

Sığorta haqqı nə qədərdir?

“Aqrar Sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin sığortası zamanı sığorta tarifinin dərəcəsi bitkilərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq fərqlənir. Ümumilikdə bitkilərin sığortalanması üçün sığorta tarifləri məhsulun dəyərinin 0,3-30 faizi arasında dəyişir. Belə ki, buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı 0,7-10 faiz, pambıq 1-10 faiz, şəkər çuğunduru və kartof – 0,5-10 faiz, tütün və çay 0,3-10 faiz, yemlik qarğıdalı 0,3-5 faiz, portağal, limon, naringi, üzüm, fındıq 0,5-30 faiz tarif dərəcəsi ilə sığortalanır.

Sığorta haqqı necə ödənilir?

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmində ən mühüm məqam, dövlətin sığorta haqqının ödənişi zamanı fermerlərə dəstək verməsidir. “Aqrar Sığorta haqqında” qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.

Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?

Qaydalara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə yeddi gün şərtsiz gözləmə müddəti müəyyən olunur. Aqrar sığorta ilə sığortalanmış bitkilərə sığorta hadisəsi nəticəsində zərər dəyərsə, sığortalı 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.