21 Dekabr 2024

Aqrar sektorda subsidiyanın məqsədidəyişir – inkişaf sürəti artacaqmı…

İxracda artım olsa da, ötən ilin yekununda bitkiçilik məhsullarının əksəriyyəti üzrə istehsalda azalma qeydə alınıb

Azərbaycan hökuməti aqrar sektorda subsidiya ödənilən məhsulların siyahısının genişləndirilməsinə deyil, istehsalın həcminin artımını stimullaşdıran təşviqlərə üstünlük verəcək. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. Onun sözlərinə görə, müasir suvarma sistemlərinin (damcılı, pivot) tətbiqi, ərzaq təhlükəsizliyi prioritet olaraq qalacaq: “Subsidiyalar ona uyğun sistemləşdiriləcək”.

Qeyd edək ki, hər il Kənd Təsərrüfatı yanında Aqrar Subsidiya Şurası subsidiya ayrı-ayrı bitkiçilik, heyvandarlıq məhsulları üzrə subsidiya əmsalını müəyyən edir. Aqrar Subsidiya Şurasının 2024-cü il üçün subsidiya əmsalına dair qərarından aydın olur ki, hökumət çay istehsalına diqqəti artırır. Belə ki, şuranın qərarına əsasən, 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına subsidiya əmsalı 60 müəyyən edilib, hər hektara görə 12 min manat subsidiya ödənəcək. Bu plantasiyalar istisna olmaqla, 2019-cu ildən bəri salınan çay plantasiyaları üçün əmsal 3,7-dən 4-ə qaldırılıb, hər hektara ödəniş 800 manat olacaq. 2019-cu ildən əvvəl salınan plantasiyalar üçün əmsal dəyişməyib. Bundan əlavə, çəltik əkinləri üçün də əmsal 1,8-dən 1,9-a, subsidiya məbləği 380 manatdan 380 manata çatdırılıb.

Maraqlı bir məqam şaftalı, naringi və ərik bağlarına görə də subsidiyanın verilməsinə başlanmasıdır. Şuranın qərarı ilə 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan şaftalı, nektarin və ərik bağlarının hər hektarı üzrə əmsal 40-a, ödəniləcək subsdiya məbləği isə 4000 manata bərabər müəyyən olunub. 

Şabalıd bağları istisna olmaqla, damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağlarının əmsalı 1.5 ödəniləcək subsidiya məbləği isə 300 manat müəyyən edilib. 

2024-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.

Artıq Azərbaycanda fermerlərə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiyaların ödənişinə başlanılıb. KTN-dən verilən məlumata əsasən, subsidiyaları nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dövlət büdcəsinin vəsaiti hesabına ödəyir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 702 əkin bəyanı əsasında 263 992 fermerə ümumilikdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 298 hektar sahəni əhatə edir.

Xatırladaq ki, ötən il fevralın əvvəllərində 189 946 əkin bəyanı üzrə 93 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258 349 hektar əkin sahəsini əhatə edirdi. Bu isə o deməkdir ki, cari ildə ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı 2,8 dəfə çoxdur.

Nazirlik bildirir ki, subsidiya ödənişlərinin sürətli köçürülməsinə müsbət təsir edən amillərdən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir. Belə ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” ölkə Prezidentinin 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq gələn il yanvarın 1-dən başlayaraq subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədi əsasında verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi bu sahədə fermerlərin maarifləndirilməsi, vətəndaşların torpaqdan istifadə hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atır. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023-2024-cü təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya edilib.

AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca ödənişləri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Qanunvericiliyə əsasən, fermerlər karta köçürülmüş vəsaitin 25  faizini nağdlaşdıra, 75  faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər.

Yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədov kimdir? - “Paşa Holdinq”in  işçisi olub

Onu da bildirək ki, Azərbaycanda aqrar subsidiya mexanizmindən əlavə, kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün digər mexanizmlər də tətbiq olunur. Lakin ölkədə aqrar sektorun yüksək inkişafından danışmaq hələ ki mümkün deyil. Doğrudur, aqrar məhsulların ixracında artım davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə görə, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. 

Mərkəz bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon ABŞ dollarına bərabər olub. Ay ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib.

İxracda artım olsa da, ötən ilin yekununda bitkiçilik məhsullarının əksəriyyəti üzrə istehsalda azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən il buğda istehsalında cüzi artım olub. Ölkə üzrə əkin sahələrindən 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılıb.

M.Məmmədov deyir ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdən maksimum həcmdə məhsul götürməyə, regionun kənd təsərrüfatı potensialından daha effektiv istifadə etməyə fokuslanıb: “Qarabağın ərazisi ciddi araşdırılmalıdır. Bunun üçün nazirliyin institutları araşdırmalara cəlb edilib. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olan bölgələr var. Minatəmizləmə Agentliyindən (ANAMA) siyahılar daxil olduqca əkin əraziləri müəyyən ediləcək”.

Bundan başqa, nazirin sözlərinə görə, hazırda həmin ərazilərdə su mənbələri müəyyən edilir: “Su ilə təmin edilə biləcək ərazilərə əkin planlanması həyata keçirilə bilər. Gücü daha çox ərzaq təhlükəsizliyinin təmin edilməsinə, fermerlərin gəlirlərinin artmasına, eyni zamanda daha dəyərli məhsulların istehsalına verəcəyik. Dəyər zəncirinə baxsaq daha çox meyvə və tərəvəz istiqamətlidir. Bu, bütün Azərbaycan üçün nəzərdə tutulur”.

M.Məmmədov bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır: “İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür. Bunun hesabına bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir. Aparılmış qiymətləndirmələrə görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq”.

Aqrar sahənin inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənmə sürəti qənaətbəxş hesab oluna bilər. KTN-dən açıqlanan məlumata görə, 2023-cü ildə Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci illə müqayisədə 43 faiz çoxdur. Ötən il bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48  faiz üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6 500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7 800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.

Dünya SAKİT