19 Sentyabr 2025

Antiterror tədbirləri çox uğurla və peşəkarlıqla keçirildi

Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın üzləşdiyi ən çətin problemlərdən biri işğal dövründə ermənilər tərəfindən talan edilmiş, viran qoyulmuş yaşayış məntəqələrimizin bərpası idisə, digər çətin məqam – azad edilmiş ərazilərin mina və partlamamış silah-sursatla həddindən artıq çirklənməsi idi. Beləliklə, Ermənistanın xalqımıza qarşı apardığı mina terroru Vətən müharibəsindən sonra da davam etdi. Ermənistan ordusunun qalıqları yenidən minalanma fəaliyyətini həyata keçirirdi. Basdırılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması, onların əsasən yaşayış məntəqələrində və qəbiristanlıqlara yaxın ərazilərdə, meşələrdə, magistral və təminat yollarında, ümumilikdə 100 km-ə yaxın ərazidə basdırılması bu ölkənin işğalçılıq siyasətinin təzahürü idi.

Ermənistanın hərbi-siyasi rəhbərliyi, bu rəhbərlik tərəfindən Qarabağda yaradılmış xunta rejimi üçtərəfli Bəyanatın imzalanmasından sonra yuxudan və xülyalar­dan ayılmadılar. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Ermənistanın hərbi-siyasi da­irələri reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta Azərbaycan rəhbərliyinin ciddi etiraz səslərini də qulaq ardına vururdular.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Xankəndi xuntasının iflası ilə Azərbaycanın suverenliyi bütün ölkədə bərpa edildi.

Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı