19 Sentyabr 2025

Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq, qanunsuz silahlı dəstələri tərksilah etmək və Konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla icra etdi. Ermənistan silahlı birləşmələri və separatçı qüvvələr tam şəkildə tərksilah edilərək ərazilərimizi tərk etdilər. Beləliklə, Azərbaycanın suverenliyi tam təmin olundu, dövlət bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər ərazilərdə əzəmətlə dalğalanmağa başladı.

Əməliyyat zamanı Ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək düşmənin çoxsaylı texnikasını və silah-sursatını sıradan çıxardı. Eyni zamanda mülki əhalinin təhlükəsizliyi tam təmin olundu, qadınların, uşaqların, qocaların və xəstələrin qorunması üçün bütün humanitar tədbirlər görüldü. Antiterror əməliyyatı separatizmin ləğvi ilə nəticələndi. Qondarma qurumun rəhbərləri təslim oldu, qanunsuz silahlı dəstələr buraxıldı və Qarabağda yaşayan erməni əhalisinə reinteqrasiya şərtləri təqdim edildi. Bu prosesdə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması mühüm rol oynadı və bölgəyə silah-sursat daşınmasının qarşısı alındı.

Sentyabrın 28-də separatçı rejimin özünü buraxması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2023-cü il oktyabrın 15-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı.

Bu tarixi Zəfər xalqımızın gücünü, Ordumuzun qəhrəmanlığını və dövlətimizin əzmkar iradəsini nümayiş etdirdi. 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan xalqının milli yaddaşında əbədi qalacaq və dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi qiymətləndiriləcəkdir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı