25 Dekabr 2024

Andrea Boçellinin oğlu: “Azərbaycanın xalq musiqilərini öyrənmək istəyirəm” – FOTO

Dünya şöhrətli  italyan tenor, əfsanəvi opera müğənnisi Andrea Boçellinin oğlu, gənc müğənni Matteo Boçelli HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran məşhur Matteo Boçelli yaradıcılığı, karyerası və ailəsi ilə bağlı mühüm məqamlardan söhbət açıb. O, müsahibə zamanı ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini bölüşüb.

-Öncə yeni sinqlınız barədə bilmək istərik. Bildiyimiz qədəri ilə ötən həftə yeni mahnınız yayımlandı.

-Yeni sinqlım “Close” adlanır. Lajatiko və Los Ancelesdə çox məşhur olan mahnı yazarları Stuart Crichton və Wrabel tərəfindən yazılıb. Mən daha əvvəl Stuartla başqa treklərdə birlikdə çalışmışam. Wrabel həqiqətən də çalışmaq istədiyim biri idi. Albom bir az gec oldu. Biz  “Solo”nun ilk sinql olacağına çoxdan qərar vermişdik. Hələ “Close” mahnımı yazdıran zaman hər kəs bunun növbəti çıxaracağım mükəmməl bir mahnı olacağını hiss edirdi. Mahnılar eyni medalın iki üzüdür. Hər ikisi də oxşar duyğuları tamamilə fərqli şəkildə ifadə edir.

– Nədən ilham alırsınız?

– Hər şeydən ilham ala bilərəm. Həyatımda baş verənlər, səyahət edərkən yaşadığım şeylər və s. Həm də birlikdə çalışdığım yazarların təcrübələri də mənə ilham mənbəyi ola bilər. Mən mahnı müəllifləri ilə çox əməkdaşlıq edirəm. Buna görə də kimsə bir idea ilə gəlirsə, mən onun dünyaya baxış tərzini araşdırmağı sevirəm. Biz hamımız öz baxış bucağımızı ifadə edirik. Bəzən ildırımlarla qarşılaşarsınız. Bu isə həqiqətən də xüsusi bir şey yaradır.

– Andrea Boçelli ailəsinin üzvü olmağın ən böyük çətinliyi nədir?

– Həmişə səs-küylüdür! Hər zaman bir şey olur! Mən bunu sevirəm, əladır, amma bəzən tək başına bir az vaxt keçirməyə ehtiyacın olur!

– Uşaq olan zaman nəçi olmaq istəyirdiniz?

– Mən həmişə bilirdim ki, musiqi ilə nəsə etmək istəyirəm. Düşünərək musiqinin arxasınca getdim və pianoda ifa etmək məni çox yaxşı hiss etdirdi. Lakin müğənni olmaq haqqında fikirlərim çox sonradan qətiləşdi.

– Seçimlərinizə atanız necə təsir edir?

– Atam həyatımla bağlı seçimlərimə qarışmır, inadkarlıq etmir. Atam heç birimizin musiqi sənayesində onun yolunu davam etdirəcəyimizi gözləmirdi. Səhnədə onunla birlikdə ifa etmək gözəl idi və o, karyerama başlamaq üçün mənə inanılmaz bir fürsət bəxş etdi. Ancaq öz yolum ilə getməyimə icazə verdi. Bizim tərzlərimiz çox fərqlidir.

– Atanızla aranızda fikir ayrılığına səbəb olan nəsə varmı?

– Atlar! Atam atları sevir. At minmək onun üçün ən vacib şeylərdən biridir. O, uşaqlıqdan bəri mənim at minməyimi istəyir. Amma bu, mənə görə deyil. Amma mən daha çox mühərriklərə üstünlük verirəm. Ancaq atam üçün hər şey heyvanla bağlıdır.

– Nəyi valideynlərinizə borclusunuz?

– Hər şey! Atam mənim ən böyük müəllimim olub. Uzun səfərlərinə və evdə keçməyən günlərinə baxmayaraq, atam yanımızda olduğunu hiss etdirməyi bacardı. Söhbət vasitəsilə ondan çox şey öyrəndim, lakin o, nümunəvi bir müəllim idi və mən onun iş etikasını həqiqətən də davam etdirirəm. Onun vəzifəsi dünya üçün oxumaq, bizimki isə məktəbdə təhsil almaq idi. Qastrolları zamanı evdən çox uzaqda olsa belə, heç vaxt mən və qardaşımın özümüzü yalnız hiss etməyimizə imkan vermədi. Anam mənim ən böyük dəstəkçimdir. Anamın həyatımdakı önəmini təsvir etmək üçün sözlər kifayət etmir, çünki ana olmaq bu dünyada sadəcə olaraq ən çətin və təqdirəlayiq işdir və anam öz varlığı ilə bunu ən yaxşı şəkildə nümayiş etdirə bildi. Valideynlərimlə olan bu bağa görə həqiqətən minnətdaram.

– Sizin super gücünüz nə olardı?

– Bəlkə teleportasiya. Son sinqlım olan “Solo”da mən evdən uzaq keçən həyatım, arzularımın arxasınca getməyim, lakin ən çox sevdiyim insanlardan uzaq düşməyin həqiqətən də çətin olması haqqında yazdım. Teleport edə bilsəydim, heç vaxt seçim etməli olmazdım. Mən də uçmağa nifrət edirəm, o isə hər şeyi çox asanlaşdırardı!

– Hazırda həyatda olan kimə heyransınız və nə üçün?

– Mən Ed Sheeranın böyük pərəstişkarıyam və onun çox dəyişkən ola biləcək bir sənayedə nələrə nail ola bildiyini görürəm. O, karyerasını öz şərtləri əsasında qurub və mən buna heyranam.

– Haqqınızda ən böyük yanlış təsəvvür nədir?

– Güman edirəm ki, mən məftunedici (dəbdəbəli) həyat yaşayıram. Bu, qısa müddət üçün gözəl ola bilər və həyatımın buna bənzər hissələri mütləq var. Amma mən Toskanada köhnə bir cipin kapotu altında və ya başqa bir maşını təmir edən zaman daha çox xoşbəxt oluram. Hələ uşaq olduğum zaman babam məndə mühəndisliyə maraq yaradıb. Müğənni olmasaydım, mexanik olardım.

– Divar kağızınız nədir?

– Divar kağızım yoxdur. Yaşadığım ev çox ənənəvi Toskanadır. Təbii işıqdan maksimum yararlanmaq və yayda oranı sərin saxlamaq üçün çoxlu ağ rəng…

– Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

– Bu il çox şey olacaq. 2022-ci ildə hələ açıqlamağa icazə verilməyən bir neçə fərqli layihəm, səfərlərim var və həmçinin yeni musiqilər üzərində çalışacağam.

– Aşdığınız ən böyük əngəl nə olub?

– Yəqin ki, ən gərgin anlardan biri mənim ilk mahnılarımın işıq üzü görməsi oldu, çünki ilk dəfə olaraq ruhunuzun görüməyən məqamlarını dünyaya açırsınız. Bu gözəl, lakin həssas məqamdır, çünki ikinci şansınız yoxdur.

 – Azadlıq sizin üçün nə deməkdir?

– Azadlıq hər şeydir. Azadlıq sizə ruhunuzu, mesajınızı ifadə etməyə və beləliklə özünüz olmağa şans verən ən mühüm dəyərdir. Bir insanın azadlığını əlindən alsanız onun həyatının mənasını öldürərsiniz.

– Göz, yoxsa ürək? Siz hansını seçərsiniz?

– Ürək, həmişə. Ürəksiz heç bir şeyin mənası yoxdur.

– Zamanı geri qaytara bilsəydiniz, nəyi dəyişərdiniz?

– Keçmişdə yaşamamağa çalışıram. Fərqli edə biləcəyiniz şeylər üzərində uzun müddət dayanmağın faydalı olduğunu düşünmürəm – heç nə onu dəyişə bilməz. Siz yalnız bundan dərs çıxara və bu dərsləri gələcəyə apara bilərsiniz.

 – Azərbaycana səfər etmək istərsiniz?

-Çox! Yeni yerləri kəşf etməyi sevirəm, ümid edirəm ki, tezliklə şansım olacaq. Mən sizin məşhur xalq musiqiniz haqqında daha çox öyrənmək istərdim.

– Azərbaycanda sizi sevənlərə nə demək istərdiniz?

– Sevgi və dəstəyinizə görə hamınıza təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, yeni musiqimizdən zövq alırsınız. Həqiqətən də ümid edirəm ki, tezliklə sizin hamınız üçün şəxsən performans sərgiləyə biləcəyəm.