22 İyun 2025

Anbarlara keçən ilkindən çox su toplanıb, amma…

Kür çayının aşağı axarında problem qalır

Son həftələrdə qeydə alınan yağıntılara baxmayaraq, Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət gərgin olaraq qalır. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələri zamanı məlumat verib: “Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına şərait yaradıb. Bununla belə, ölkədə su ehtiyatları ilə bağlı gərgin vəziyyət davam etməkdədir”.

Nazir bildirib ki, su ehtiyatları ilə bağlı  bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının da istifadə edilməsi gündəmdədir. Bu da su ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.

Qeyd edək ki, qlobal iqlim dəyişikliklərinin təsiri ilə bütün dünyada şirin su ehtiyatlarının azalması prosesi gedir. Avropanın, Asiyanın, Amerikanın ən bolsulu çaylarında belə səviyyə getdikcə azalır. Su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşan Azərbaycanda isə vəziyyət daha kritikdir. Belə ki, ölkəmizin ən böyük su mənbəyi olan Kür çayının mənsəbində yağıntıların miqdarı azalır, eyni zamanda Türkiyə, Gürcüstan ərazisində ondan götürülən suyun miqdarı artır.  Nəticədə çay ölkəmizə əvvəlkindən daha az su ilə daxil olur. Çayda suyun az olması Xəzər dənizindən duzlu suyun Kür suyuna qarışmasına səbəb olub. Son 3 ildə bu, Kürün aşağı axarlarında yerləşən rayonlarda əhaliyə, kənd təsərrüfatına ciddi problemlər yaratmaqdadır.

AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovun dediyinə görə, Kür çayının aşağı axınında, o cümlədən deltasında vəziyyət mürəkkəb olaraq qalır: “Deltaya yaxın və deltanın özündə suyun üstündə müəyyən qədər nazik şirin su təbəqəsi var idi. Biz orada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə suyun duzluluğunu da ölçdük. Hətta duzluluq şirin suya yaxın idi. Amma bu, o demək deyil ki, vəziyyət düzəlib. Çünki delta tərəfdə suyun üst hissəsində duzluluq normallaşıb, aşağı hissələrində isə çayın dibinə yaxın dəniz suyu hələ də qalmaqdadır. Oradan dəniz suyunun çıxardılması üçün Kürün aşağı axınına böyük su kütləsi gəlməlidir və təzyiqlə dəniz suyunu vurub oradan çıxartmalıdır. Amma hələ ki elə su yoxdur, ona görə də problem qalır. Tədqiqata görə, Kür çayının dənizə tökülən hissəsindən yuxarıya doğru 50-60 kilometrlik məsafədə dəniz suyunun təsiri ya dolayı, ya bilavasitə hiss olunmaqdadır. Xüsusilə yay dövründə bu vəziyyət çox gərgin idi. Aparılmış müşahidələrin təhlili onu göstərdi ki, Kür çayının aşağı axınında hakim küləklərin -şimal-şərq, şərq küləklərinin təsiri ilə dəniz suyu qovularaq çayın dərəsinə dolur. Buna görə də çayda duzluluq yaranır”.

Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır  - MÜSAHİBƏ | Report.az

Mirnuh İsmayılov

M.İsmayılov bildirib ki, yayda və oktyabrda aparılmış tədqiqatlar zamanı keçən 2-3 ay müddətində Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşdüyü məlum olub: “Hətta dənizlə çay suyunun qovuşduğu delta hissəsində çayda adalar əmələ gəlib. Elə bil ki, dənizlə çayın dərəsi arasında təbii bənd yaranıb. Dənizlə çay arasında, çayın töküldüyü yerdə təbii bənd yaranır və o bəndin bəzi hissələrində adalar əmələ gəlir. Çayın axınının əksinə yuxarıya doğru hərəkət edəndə orada 2-3 metr dərinlik var idi. Buna görə də çayın mənsəbinə dolan dəniz suları geri qayıda bilmir. Hətta küləklər əks istiqamətli olanda da yenə geri qayıda bilmir. Hələ yağıntılardan sonra çayda müəyyən qədər şirin su olduğu halda vəziyyət budur. İyul ayında belə deyildi. Bu da onu göstərir ki, dənizin səviyyəsi aşağı düşür. Səviyyə aşağı düşdükcə də çay suyunu çətinliklə dənizə çatdıra bilir və həmin adalar əmələ gəlir”.

Şöbə müdirinin sözlərinə görə, vəziyyətdən çıxmaq üçün müxtəlif layihələr irəli sürülüb və müzakirələr gedir: “Kür deltada iki qola ayrılır. Hakim küləklər dəniz suyunu dərəyə doldurur və bunun qarşısını almaq üçün müəyyən süni bəndlərlə çayın dənizlə əlaqəsini kəsmək və cənuba doğru yeni yolun açılması irəli sürülüb. Hansı layihə effektli olacaqsa, o, həyata keçiriləcək. Hər bir layihənin müəyyən çətinlikləri var, elmi-tədqiqatlar tələb edir. Məsələni belə saxlamaq da olmaz, çünki Neftçalanın əhalisi Kürə görə orada yaşayır. Çayda belə vəziyyətin yaranması əhalidə miqrasiya tendensiyalarını sürətləndirir. Əgər şirin su yoxdursa, əhali orada niyə yaşasın? Buna görə hökumət ciddi narahatlıq keçirir. Tədqiqatlar aparılır və müəyyən həll yolları irəli sürülür. Əgər dəniz suyu çayın 50-60 kilometrlik hissəsinə daxil olubsa, bu hissəni dənizin bir hissəsi kimi qəbul etmək lazımdır. Kürə aşağı axında şirin su çatmır. Əgər şirin su çatmırsa, Neftçala əhalisinə kanallarla şirin su gətirilməsinə ehtiyac var. Kür çayının artıq şirin su daşıya bilməməsi ürəkağrıdan məsələdir. Çayın qırağı ilə haradansa kanal çəkib ondan istifadə etmək lazımdır. Məsələn, Yuxarı Şirvan kanalından su çəkmək, dəniz suyunu müəyyən qədər şirinləşdirmək olar. O ərazidən keçən Mil-Muğan kollektorunun suyunu müəyyən qədər şirinləşdirib, təmizləyici qurğularla təmizləyib istifadə etmək olar”.

M.İsmayılov vurğulayıb ki, hazırda layihələrin müzakirəsi gedir: “Mənə elə gəlir ki, optimal layihələrdən biri çayda müəyyən süni bəndlər yaratmaqla bir növ şirin suyu yığıb saxlamaqdır. Bunun da problemləri var. Əgər orada suyun durğunluğu yaranarsa, çay suyu hərəkət etməzsə, onun ətraf sahələrdən gələn yeraltı şor sularla qarışaraq keyfiyyətini itirməsi də problemdir. Ona görə bunun həlli də çətindir. Ən yaxşısı Kürə normal səviyyədə suyun gəlməsini təmin etməkdir. Problem Kürün deltasında yaransa da, səbəbi deltasında axtarmaq lazım deyil. Problemin səbəbi çayın yuxarı axınındadır. Çünki Kür çayı deltadan qidalanmır, orada su sərf olunur, yuxarı axınından qidalanır. Ona görə Kürə tökülən çayları ciddi şəkildə tədqiq eləmək, su ehtiyatlarını hesablamaq, sudan səmərəli istifadə etmək, kortəbii suvarma üsullarından qəti şəkildə imtina etmək, kanallara beton üz çəkmək lazımdır. Ölkə Prezidenti də bu istiqamətdə fərman verib. Həmin istiqamətdə müəyyən işlər getsə də, güclü səviyyədə olmadığına görə hələ də Kürün deltasında, Neftçalada, Salyanın bəzi hissəsində ciddi problemlər var”(APA).

Sahib Ələkbərov — Vikipediya

Sahib Ələkbərov 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisdəki büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanda Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya hazırlanır. Onun sözlərinə görə, strategiya 18 illik müddəti əhatə edəcək: “Su sahəsində institutsional dəyişikliklərə gedilməlidir. Suyun bir yiyəsi olmalıdır. Biz bununla bağlı təklif vermişik”.

İqlim dəyişiklikləri işğaldan azad edilən ərazilərimizdə də su ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu barədə AMEA Coğrafiya İnstitutundan verilən məlumata görə, müasir metodologiya və texnologiyaların köməyi ilə azad olunan ərazilərimizin su ehtiyatları yenidən qiymətləndirilib. Məlum olub ki, ərazinin su ehtiyatları 1.93 km3 təşkil edir. İqlim dəyişmələrinin çayların rejiminə, illik axımına təsiri göstərir ki, digər ərazi çaylarında olduğu kimi, Qarabağ ərazi çaylarında da 1988-2020-ci il dönəmində su ehtiyatları 9,8 faiz, yəni əvvəlki dövrdə mövcud olan 2.14 km3-dən 1.93 km3-ə qədər azalıb. Buna baxmayaraq, hökumət azad olunan ərazilərdəki su ehtiyatlarından səmərəli istifadə etmək niyyətindədir.

Hazırda Azərbaycanda payızlıq taxıl əkinlərinin suvarılması prosesi gedir. Keçən il quraqlıq və su ehtiyatlarının azlığı üzündən payızlıq suvarma işlərində ciddi problemlər yaranmışdı. Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirovun “Yeni Müsavat”a dediyinə görə, indiyədək ölkənin 50-dən çox rayonunda 375 min hektar suvarılan sahədə taxıl əkilib. Bundan 200 min hektardan çox sahə suvarma suyu ilə təmin olunub: “Hazırda həm payızlıq taxıl səpini, həm də suvarma davam edir. Su ehtiyatlarının ədalətli bölgüsünü təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə qrafiklər tərtib olunub və suvarma onların əsasında həyata keçirilir”.

ASC nümayəndəsi bildirir ki, ölkənin əsas su anbarlarına indiyədək keçən ilkindən 1 milyard 400 milyon kubmetr çox su ehtiyatı toplanıb. İşğaldan azad olunan ərazilərin su ehtiyatlarından istifadə üçün görülən işlərə gəlincə, F.Nəsirov ASC-də bununla bağlı xüsusi proqram hazırlandığını deyir: “Proqramın məqsədi uzun illər işğal altında qalmış ərazilərdəki torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün ilkin mərhələdə meliorasiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası, sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidənqurulmasıdır. Proqram çərçivəsində ilkin mərhələdə Suqovuşan su anbarında təmir-bərpa işləri görülüb. Anbarın mexaniki və elektrik avadanlıqları seqmentvari qapıları təmir olunub. Bununla yanaşı, 5,2 km olan magistral beton kanalının, Tərtərçay sağsahil və solsahil kanallarının təmir-bərpası üçün texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanır. Eyni zamanda Füzuli rayonunda Köndələnçay üzərində yerləşən 3 su anbarı, Ağdam rayonundakı Xaçınçay su anbarının layihə sənədləri Fövqəladə Hallar Nazirliyi tərəfindən ekspertiza olunur, bərpa işləri ilə bağlı tender komissiyası yaradılıb”.

F.Nəsirovun sözlərinə görə, görüləcək işlər nəticəsində Tərtər, Goranboy, Yevlax və digər rayonlarda təxminən 96 min hektar sahənin su təminatı yaxşılaşacaq. Bundan başqa, Araz çayı üzərindəki Xudafərin və Qız qalası hidroqovşaqlarındakı su ilə Arazboyu ərazilərdə yerləşən 252 min hektara yaxın əkin yerinin su təminatı yaxşılaşdırılacaq: “Bunun üçün zəruri layihə və texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır”.