22 Dekabr 2024

Anası və bacısının pis yola düşdüyünü öyrəndi, Rusiyadan qayıtdı… – CİNAYƏT İŞİ

Oğul qızını kişilərə satan anasını qətlə yetirib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Zaur (adlar şərtidir) Rusiyada azərbaycanlılara məxsus avtomobil təmiri sexində işləyirdi. Uzun müddət idi ki, ailəsi ilə əlaqə saxlamırdı. Bir gün iş yoldaşı ona telefonda Nuridə və Şəbnəmin foto və videolarını göstərəndə başa düşür ki, anası və bacısı artıq əxlaqsız yola düşüb və qərar verir ki, hansısa formada bunun qarşısını mütləq almalıdır.

Nuridə isə Zaur Rusiyada işləyərkən qızı Şəbnəmin düşüncələrini dəyişmiş, onu öz istədiyi yola çəkmişdi. Belə ki, əvvəl qızının fotolarını çəkir, sonra sosial şəbəkələrdə paylaşır və əxlaqa uyğun olmayan işlərlə məşğul olurdu. Şəbnəm də artıq qardaşı ilə danışmır, anasının arzuladığı kimi yaşayırdı. Zaurla isə bir ilə yaxın müddətdir əlaqəni kəsmiş, onun göndərdiyi pulun da lazım olmadığını demişdi.

Növbəti gün Zaur avtobusla Azərbaycana gəlir. Onun məqsədi tezliklə məsələni həll edib, bacısı ilə birlikdə Rusiyaya qayıtmaq idi.

Həmin gün Zaur Bakıdakı evinə yox, şəhərdə yerləşən hotellərin birinə gəlir. Çünki anasının onu qovacağını və bu şəkildə heç nəyə nail ola bilməyəcəyini bilirdi. Bütün gün hoteldə həm bacısının internetdə yayılmış foto və videolarına baxır, həm də onu anasının əlindən necə alıb Rusiyaya apara biləcəyini düşünürdü.

Zaur şəhərdəki kafelərin birində nahar edərkən Nuridəyə bir daha zəng edir. Amma həmişə olduğu kimi Nuridə telefonuna gələn zəngdə oğlunun adının yazıldığını görüb cavab vermir.

Ertəsi gün Zaur bir vaxtlar qaldığı yaşayış massivinin həyətində gizlincə dayanıb, Nuridəni və Şəbnəmi izləyir, onların mənzilə tərəf qalxdıqlarını görür. Sakit şəkildə dayanır və nə deyəcəyini, nə şəkildə hərəkət edəcəyini bir daha düşünür.

Zaur qapının zəngini çalır və nəhayət, Nuridə öz oğlunu qarşısında görür. Daha sonra Zaur heç bir əlavə söz demədən içəri keçir və bacısının qolundan tutaraq “bu nə biabırçılıqdır, səni əxlaqsız olmağa qoymayacağam, gedirsən mənimlə” deyir. Bacısı ona etiraz edir, anası Nuridə də Zaurun qəti niyyətini anlayaraq ona mane olmağa çalışır. Zaur onu itələyir, Nuridə mətbəxə gedir və bıçaq götürüb otağa qayıdır.

Nuridə bıçaqla Zaurun çiyninə xəsarət yetirir. Daha sonra Zaur bıçağı onun əlindən alır və ard-arda anasına və bacısına zərbələr endirir. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itirirlər.

Zaur Rusiyaya qaçır. Bir müddət sonra orada yerli hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən həbs olunaraq Azərbaycana təhvil verilir.