17 Aprel 2024

Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib – Fotolar

Sentyabrın 29-da mədəniyyət naziri Anar Kərimov Albaniyanın mədəniyyət naziri Elva Marqariti ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğuna vurğu edilmişdir. Bu kontekstdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin xalqlar arasında mədəni bağların gücləndirilməsinə töhfə verə biləcəyi xüsusi qeyd edilmişdir. 2023-cü ildə Azərbaycanla Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanmış, E.Marqariti Albaniya tərəfinin növbəti ilin ilk yarısında bu ölkədə Azərbaycana həsr ediləcək mədəniyyət həftəsinə ev sahibliyi etməyə hazır olduqlarını bəyan etmişdir. Görüşdə həmçinin, iki ölkə arasında UNESCO çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanmış, mədəniyyət müəssisələri, teatr, kino, və yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişafının zəruri ola biləcəyi qeyd olunmuşdur.

***

Həmin gün nazir Anar Kərimov Andorranın mədəniyyət və idman naziri Silvia Riva Qonzalezlə də görüşüb. Görüş zamanı A.Kərimov Andorranın “Youth ArtCamp Shusha and Baku” layihəsinə verdiyi dəstəyə görə təşəkkür bildirmiş, bu layihənin ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma olduğu qeyd edilmişdir. Andorralı nazir ölkəsinin bu vacib sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bəyan etmişdir.

Bununla yanaşı, UNESCO çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətlər üçün geniş imkanların olduğuna da diqqət çəkilmişdir. Həmçinin, Azərbaycanın hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” və onun vacib yeni ölçüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dəstək və bu çərçivədə birgə layihələrin reallaşdırılmasının önəminə vurğu edilmişdir.

***

Nazir Anar Kərimovun UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə də görüşü baş tutub. Görüş zamanı UNESCO-Azərbaycan münasibətlərinin hazırkı durumu, gündəlikdə duran cari məsələlər, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Nazir A.Kərimov Azərbaycanın təşkilatla əməkdaşlıqda maraqlı olduğunu, bir sıra vacib istiqamətlərdə, xüsusilə də mədəniyyətlərarası dialoq və UNESCO-nun da tərəfdaşı olduğu Bakı prosesi çərçivəsində davamlı fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulamışdır.

Bununla yanaşı, A.Kərimov tərəfindən UNESCO-nun öz mandatına uyğun fəaliyyət göstərməsinin vacibliyinə xüsusi vurğu edilmişdir. İndiki dövrə kimi təşkilatın işğaldan azad edilmiş ərazilərimizə səfər etməməsinin və ümumiyyətlə səfərlə bağlı Azərbaycanın müraciətinin cavabsız qoyulmasının Azərbaycan cəmiyyətində haqlı anlaşılmazlıq və suallar doğurduğunu qeyd edən nazir tezliklə UNESCO-nun bu texniki səfəri reallaşdırması üçün çağırış etmişdir. UNESCO rəsmisinə həmçinin, ölkəmizin təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dair məlumat verilmiş, dünyanın müxtəlif bölgələrində sülh quruculuğu fəaliyyətlərinə töhfə vermək niyyətini bəyan etmiş bir təşkilat kimi UNESCO-nun ölkəmizin sözügedən təşəbbüsünə soyuq münasibət nümayiş etdirməsinin məyusluq doğurduğunu diqqətə çatdırmışdır. E.Ottone öz növbəsində təmsilçisi olduğu təşkilatın qeyd olunan məsələlərlə bağlı Azərbaycanla təmasların davam etdirilməsinə, eyni zamanda yaradıcı iqtisadiyyat kimi yeni sahələrdə əməkdaşlıq imkanlarının və mümkün fəaliyyətlərin yaxından araşdırılmasına hazır olduqlarını bəyan etmişdir.