27 Dekabr 2024

Anar Kərimov İsveçin ölkəmizdəki səfiri ilə onlayn görüş keçirib

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill ilə onlayn görüş keçirib.

Mədəniyyət Nazirliyindən Musavat.com-a bildirilib ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İsveç Krallığının Azərbaycandakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov, nazirliyin və səfirliyin rəsmiləri, habelə hər iki ölkənin incəsənət sektorunun nümayəndələri iştirak edib.

Anar Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri barədə fikirlərini bildirib, İsveç Krallığı ilə bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir Kristian Kamill iki ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların müəyyənləşdirilməsi, mövcud əlaqələrin inkişafına dair birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova 2021-ci ildə reallaşdırılması nəzərdə tutulan “Mədəniyyətə təkan” (Cultural Accelerator) layihəsi barədə məlumat verib. Bildirib ki, Trans Europe Halles (TEH), Lund, İsveç, Azərbaycan və Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən irəli sürülən layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsini dəstəkləmək, incəsənət mütəxəssislərinin bir-birilə əməkdaşlıq etmələrinə və dialoq qurmalarına kömək etməkdir. Problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradan və öz təcrübələrini başqaları ilə bölüşən insanları birləşdirən layihə iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir, onlara öz ideyalarını və layihələrini necə uğurlu təqdim edə biləcəkləri barədə praktiki alətlər təqdim edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.