28 Mart 2024

“Ana Kür” İctimai Birliyi Kür çayı sahilində ekoloji tədbir keçirmişdir.

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsi çərçivəsində   sonuncu dəyirmi masanı rayon mərkəzindən uzaqda, Piratmangəncəli kənd tam orta məktəbində keçirmişdir. Əlimərdan Əliyev adına kənd tam orta məktəbi  burada, Kür çayının sahilində yerləşir.
Layihə komandasının təklifi ilə məktəbin təbiətsevər şagirdləri müəllimlərin nəzarəti altında  Kür çayı sahilində iməcilik keçirmişlər. Məktəblilər sahilə atılmış plastik məmulatları, kağız və müxtəlif məişət tullantılarını xüsusi torbalara yığmış və tullantılar üçün müəyyən edilmiş yerə aparmışlar.
Sonra məktəbin iclas zalında keçirilən dəyirmi masada məktəbin şəhid məzunlarının, eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış bütün hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra layihə rəhbəri Rüstəm Məlikov Kür çayı sahilində keçirilən iməcliyin mahiyyətini izah edərək bildirmişdir ki, hər şey insanın təbiətə münasibətindən başlayır. Ona görə də ətraf mühitin, xüsusən içməli su mənbələrinin ərazilərinin qorunması, sudan qənaətlə istifadə edilməsi bu gün cəmiyyətimiz üçün çox aktualdır. İcra olunan layihənin də məqsədi  Kür sahilində yaşayan, çayla təmasda olan insanların ətraf mühitin qoruyuçuları kimi formalaşmasına  kömək etmək, bu sahədə onlara dəstək olmaq, artıq  qazanılmış təcrübəni yaymaqdir.
Məktəbin biologiya müəllimi Pərvanə İsmayılova məktəb kollektivinin uşaqların ekoloji təfəkkürünün genişlənməsi, təbiəti sevmələri və qorumaları istiqamətində apardıqları iş təcrübəsindən danışmışdır.
Çay süfrəsi arxasında keçən dəyirmi masada rayon ağsaqqallar şurasının sədr müavini Məhəmməd Ağayev, rayon ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və  Şəhid Ailələri İctimai Birliyinin Salyan  filialının   sədri  Arif Əsgərov layihənin uğurla yekunlaşdığınan danışmış, eyni  Kür boyu ərazilərin ekoloji mühitinin qorunmasında hər kəsin, xüsusən əraziyə yaxın insanların, o cümlədən məktəbli gənclərin rolunun böyük olduğunu vurğulamışlar. Sonda iştirakçılara Press-Relizlər və “Ana Kür” qəzetinin son sayının nümunələri paylanmış və xatirə şəkil çəkdirilmişdir.