20 Aprel 2024

Amil Hüseynov:Ərazini tərk edən ermənilər evlər ilə yanaşı meşələri də yandırmışdır.

Vətənin hər bir qarışı bizim üçün doğma və əzizdir. Lakin hər birimizin doğulduğu yer bizlərə daha əzizdir. Mən Kəlbəcər rayonunda anadan olmuşam.Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər yeraltı və yerüstü sərvətləri ilə daha zəngindir. Onu deyə bilərəm ki, qızıl və civə yataqları və eləcədə mineral suları xüsusən “İsti su”-yu misal göstərmək olar.

1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Erməni vandalları tarixi abidələrin əksəriyyətini məhv etdilər. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalasını dağıtmışlar. Tarixi abidələrimizin dağıdılmasına təəssüf ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən laqeyd yanaşılmışdır. Əslində bəzən dünyada ikili standartlar faktoru önə çıxır, biz dövlət olaraq ikili standartların təsirini uzun illər yaşamışıq. BMT – nin Ermənistana qarşı qəbul etdiyi qətnamələr sadəcə sənəd üzərində qalmış heç bir əməli addım atılmamışdır. Azərbaycan məhz tarixi ədaləti bərpa etmiş, BMT – nin icra olunmayan qətnamələrini icra edilməsinə nail olmuşdur. Biz Müzəffər Xalqıq, bu qüruru yaşamaq Xalqımızı, Ordumuza, Cənab Ali Baş Komandana yaraşır.“44 günlük” Vətən müharibəsində “Dəmir Yumruq” əməliyyatı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi nəticəsində 30 ildən sonra işğal altında olan torpaqlar öz sahiblərinə qaytarıldı. 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evlər ilə yanaşı meşələri də yandırmışdır.Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Uzun illərdən sonra mənə də, Kəlbəcəri görmək nəsib oldu. Hər qarışında doğmalıq, hər küncündə qüdrət olan bu ulu diyar bir ana övladını qarşılayan kimi məni qarşıladı. Saf bulaqları, təbii meşələri məni özünə valeh etdi. Uşaqlığımı doya-doya yaşaya bilmədiyim Kəlbəcərdə uşaqlıq illərimə bir daha qayıtdım. Atamın evimizi gördüyündə gözlərinin sevincdən dolması məni bir körpə kimi ağlatdı. Evimizi uçurdub, dağıdıblar amma eyni doğmalıq, eyni yaxınlıq ilə qarşıladı bizi. Bir anlıq elə bilirdimki kimsə evdən çıxacaq buyur keç içəri deyəcək. Cənab Prezidentin dediyi kimi işğaldan azad edilmiş ərazilərimizin hər qarışında tarixi izimiz var, baxmayaraq ki, mənfur düşmənimiz 30 il boyunca bu izləri silməyə çalışıb ancaq nail ola bilməyib. Çünki hər bir yurd öz qədimliyini öz milli mənsubiyyətini qoruyub saxlayır.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətlə quruculuq işləri görülür və bu quruculuq işləri dövlətimiz öz maddi imkanları hesabına aparılır. Vətənimizin hər qarışı abadlaşır gözəl olan vətənimiz daha da gözəlləşir. 44 günlük Vətən müharibəsində biz millət olaraq döyüşdük. Ali Baş Komandanın ətrafında sıx birləşərək döyüş meydanında artıq aforizmə çevrilmiş cənab Prezidentin məşhur sözünü bütün dünyaya sübut etdik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Amil Hüseynov – Bərdə rayon B.Əjdəroğlu adına Yeni Əyricə kənd tam orta məktəbin direktoru