Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır
Azərbaycanın xarici siyasətinidə Almaniya ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Dövlətimizin başçısı bəyanatla çıxış edib, bildirib ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir.
Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.
Azərbaycanda media azadlığının təmin edildiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır. Hər kəs qanunlara əməl etməlidir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini